"O, həyatının ən böyük qumarını oynayır" - Trampın addımları nəyə səbəb olacaq?
“Bu, ABŞ-nin etibarlı tərəfdaş kimi mövqeyinə zərbə vurur”.
Yenicag.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi idxal rüsumları fonunda başlayan iqtisadi təsirləri təhlil edən iqtisadçı Suzn Peyc deyib.
Onun sözlərinə görə, Tramp qlobal ticarət müharibəsinə səbəb olan idxala sərt tariflər tətbiq edib. Bu qərar iqtisadçıların sərt tənqidinə səbəb olmaqla yanaşı, birjada ciddi enişlərə yol açıb:
“Bəzi ekspertlər tarifləri sadəcə danışıqlar taktikası kimi qiymətləndirirlər, digərləri isə iqtisadi təsirlərinin ağır olacağından qorxurlar. Tramp başlanğıcda daşınmaz əmlak biznesindən, sonradan isə seçki siyasətinə qədər həmişə risk almağa hazır olub. İndi isə o, qlobal ticarət müharibəsinə səbəb olan tariflər tətbiq etməklə, həyatının ən böyük qumarını oynayır.
Tramp 1930-cu illərdən bəri ən sərt tarifləri tətbiq edərək ABŞ-nin daxili istehsalını gücləndirməyi və federal gəlirdə gözlənilməz artım əldə etməyi ümid edir. Bu yanaşma, İkinci Dünya müharibəsindən bəri əsas iqtisadçılar və prezidentlər tərəfindən qəbul edilən ticarət siyasətinin əksinədir. ABŞ Prezidenti sosial media üzərindən bu qərarın iqtisadi inqilaba səbəb olacağını və ABŞ-ni yenidən böyük güc edəcəyini iddia edib. Lakin buna hər kəs inanmır.
İkinci prezidentliyi dövründə ticarət və digər sahələrdə daha sərt, eyni zamanda, qətiyyətli addımlar atmağa başlayan Tramp Vaşinqtondakı siyasi isteblişmenti çox dinləməyərək yalnız özünə sadiq insanları yüksək vəzifələrə təyin edib. Bununla belə, bəzi Respublikaçı senatorlar Trampın tarif tətbiq etmə səlahiyyətinin məhdudlaşdırılması ilə bağlı qanun layihələrini dəstəkləyirlər. Seçicilər arasında da bu tariflərə qarşı narazılıqlar artmaqdadır. Bir sorğuda amerikalıların 54%-i Trampın tariflərinə qarşı çıxır, əksəriyyət isə qiymətlərin artacağını proqnozlaşdırır.
Bazarın və iqtisadi proqnozların tənəzzül ehtimalının artırması ilə yanaşı, Trampın tarif tətbiqi artıq aradan qaldırılması çətin olan nəticələrə yol açıb. Bu, yalnız onun iqtisadi siyasətinə deyil, həm də “America First” yanaşmasına və ABŞ-nin dünya üzərindəki roluna dair baxışlarını əks etdirir. Çin və Avropa Birliyi ABŞ-ə qarşı qarşılıqlı tarif tətbiq etməyi planlaşdırır, bu da ABŞ-nin etibarlı tərəfdaş kimi mövqeyinə zərbə vurur”.
Nəsimi Ələsgərli