Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ocaq Necatın sürücülüyündən axund postuna: Hacı Şahin barəsində İLGİNC İDDİALAR – İran nəyə çalışır?

Son günlər İranın Azərbaycana qarşı artan hərbi-siyasi təhdidləri fonunda cənub qonşumuzun bu davranışlarına yönəlik tənqid olunan din xadimlərinin sırasında “Məşədi dadaş” məscidinin imam-camaatı Hacı Şahinin adı xüsusi yer tutur.

Onun İranın Azərbaycan əleyhinə qeyd olunan fəaliyyəti, həmçinin cənublu din xadimlərinin ölkəmizə qarşı qəbuledilməz bəyanatlarına səssiz qalması sosial şəbəkələrdə Hacı Şahin barəsində müxtəlif iddiaların ortaya gəlməsinə yol açıb.

Bu iddiaların əsas nüvəsini isə Azərbaycandakı bir sıra din xadimləri kimi Hacı Şahinin də İrandan idarə olunması və İslam Respublikasının maraqlarının keşiyində dayanması təşkil edir.

Bu fikirlərin müəllifləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xətti ilə Həcc ziyarətinə yollanan qrupun rəhbəri olan Hacı Şahinin İrana bağlılığını təsdiqləyən hadisəni təsvir ediblər.

Bildirilir ki, ziyarət əsnasında zəvvarların harada ehram geyərək niyyət etmələri məsələsində fikir ayrılığı yaranır. Yazılanlara görə, Hacı Şahin nə QMİ-nin, nə də azərbaycanlı ilahiyyatçıların fətvasına əhəmiyyət verməyərək ziyarətə 1 gün qalmış İranla əlaqə saxlayıb və oradan fətva verilməsini xahiş edib. Vaxt məhdudiyyətini nəzərə almayan qrup rəhbəri İrandan fətva gəlmədiyini deyərək zəvvarları 2 gün yubadır.

Həcc qrupunda olan iki nəfər ilahiyyatçı isə Hacı Şahinin bu hərəkətinə sərt etirazını bildirir. Qeyd olunur ki, həmin ilahiyyatçılar ziyarətdən sonra bu məsələnin ciddi şəkildə araşdırılması üçün QMİ rəhbərliyinə raport da yazsalar da, onların müraciətinə baxılmır və insident Prezident Administrasiyasından da gizlədilir.

Sosial şəbəkələrdə Hacı Şahin barəsində dolaşan məlumatların əhəmiyyətli hissəsi onun İranın ali rəhbəri Seyid Əli Xameneyinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaq Necatla bağlılığına həsr olunub.

İddialara əsasən, Ocaq Necat bir vaxtlar sürücüsü olmuş Hacı Şahinin dini iyerarxiyada sürətli yüksəlişi üçün ona bacardığı qədər dəstək verib. Hətta bu da iddia olunur ki, Ocaq Necat 2014-cü ilin dekabrında istifadəyə verilən Heydər Məscidinə məhz Hacı Şahinin axund təyin olunması üçün 2 milyon manat rüşvət verib. Lakin bu vəziyyətin anonim məktubla Prezident Administrasiyasına bildirilməsindən sonra planlaşdırılan təyinat baş tutmur.

Hacı Şahin haqqında bitib-tükənməyən iddialar sırasında Hacı Şahinin rəhbərlik etdiyi camaatdan İrandan sifariş olunan aksiyalarda baza kimi istifadə olunması da var. Bu sırada Təhsil Nazirliyinin qarşısında təşkil olunan aksiyalar, Nardaran olayları və digər əyləmlər vurğulanır. Əlavə edilir ki, hətta Hacı Şahinin cümə nazamlarındakı çıxışları da xüsusi olaraq İranda hazırlanır və Bakıdakı İran Mədəniyyət Mərkəzində tərcümə edildikdən sonra ona ötürülür. Bu “əməliyyat” isə İranın Hacı Şahinin savadına güvənməməsi ilə əlaqələndirilir.

Bunlardan başqa, vətənə xəyanət, İrana casusluq ittihamı ilə həbs olunan Elşən Mustafaoğlu da Hacı Şahinin “sağ əli” kimi xarakterizə olunur və onların İranda müntəzəm görüşdükləri deyilir. Qeyd etdiyimiz kimi, Cəfəri Heyətinin rəhbəri Abgül Süleymanovun həbsindən sonra bir müddət İranda yaşayan Mustafaoğlu İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edilərək, 14 il azadlıqdan məhrum edilib və hələ də “içəridədir”.

Haci Şahinlə əlaqədar paylaşılan iddialardan ilginc kəsimi onun həbsi  haqdadır. Bildirilir ki, “Ərəb baharı” dalğasında Abgül Süleymanovun xalqı üsyana təşviq etmə prosesində Hacı Şahin də xüsusi fəallıq göstərib və buna görə həbs olunub, Yasamal rayon məhkəməsinə gətirilib. Lakin hakimiyyət daxilində bir qrup “Hacı Şahin bizə işləyəcək” arqumenti ilə dövləti aldadaraq onun cəzasız qalmasına şərait yaradır. Bu işdə bəzi İranpərəst çevrələr də ciddi canfəşanlıq göstərdilər.

İddialara görə, artıq bir müddətdir, İran Hacı Şahinlə bağlı daha genişmiqyaslı planı dövriyyəyə buraxıb. Konkret deyilsə, Ocaq Necatın öz “yetirməsini” QMİ-yə rəhbər gətirmək üçün tam sürətlə hərəkətə keçdiyi bildirilir. Bu planın məqsədi hər kəsə gün kimi aydındır: Azərbaycanın milli təhlükəsziliyinə birbaşa aid olan ən strateji sahələrindən birinə İranın “öz adamı”nı rəhbər gətirmək.

Amma dövlət buna imkan verəcəkmi? Əlbəttə ki, yox! Hər halda, sosial şəbəkə istifadəçilərinin bildiklərindən qat-qat artığını dövlətin aidiyyatı qurumları da bilir və buna qarşı vaxtında müdaxiləyə də hazırdırlar.

P.S. Yazıda yer alan iddialarla bağlı Hacı Şahinin fikirlərini öyrənmək cəhdlərimiz nəticəsiz qalsa da, onun mövqeyini işıqlandırmağa hazırıq.

www.yenicag.az

6129
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100