Azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Mirzəyevanın olduğu və bataraq dünyasını dəyişdiyi yaxtanın Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Həbib Axundova aid olduğu məlum olub. Mətbuatda Həbib Axundovun son dərəcə bahalı yaxtasını satdığını və alqı-satqı işinin adı hallanan mübhəm ölüm işindən az sonraya təsadüf edildiyi haqda məlumat yayılıb.
Yenicag.az saytına açıqlama verən deputat Elmira Axundova sözügedən hadisədən danışıb. O, açıqlamasında oğlunun adı hallanan ölüm hadisəsi haqqında yayılan məlumatları təkzib edib.
Deputat oğlunun hadisə yerində olmadığına görə təəssüfləndiyini bildirib : “Ölüm hadisəsi baş verəndə Bakıda olmamışam. Ətraflı olaraq oğlumun özündən soruşa bilərsiniz. Lakin onu da deyə bilərəm ki, oğlum da hadisə yerində olmayıb. Orada olan şəxs onun dostu olub. Haqqında yayılan məlumat isə doğru deyil. Oğlum bu hadisədən sonra orada olmadığı üçün heyifsiləndiyini bildirib. Əgər orada olsaydı, batan qızı xilas edərdi. Çünki 15 il üzgüçülüklə məşğul olub. Bu sadəcə bədbəxt hadisədir. Burada nə Həbibin, nə də onun dostunun günahı var. Xəzərdə hər yay minlərlə adam boğulub, dünyasını dəyişir. Ümumiyyətlə, Həbibin heç yaxtası olmayıb. Təfərrüatları tam olaraq bilmirəm. Bu hadisəni şişirdənlər də bizim düşmənlərimizdir. Onlar başqasının bu cür hallarına sevinir. Belə düşmənlərə insan adını da verə bilmərəm”.
Məlumatın Fövqəladə Hallar Nazirliyinə (FHN) göndərilən sorğu ilə təsdiq olunduğunu bildirdikdə isə millət vəkili rəsmi təsdiqin də doğru olmadığını deyib: “Yenə deyirəm, oğlumun heç bir günahı yoxdur. Sadəcə onu deyə bilərəm ki, məlumat yanlışdır”.
Qeyd edək ki, G.Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlanıb.
Elvin Paşazadə
www.yenicag.az