Ölkədə növbədənkənar prezident seçkiləri: Müxalifət YAP-ın təkzibinə inanmır

İqtidar daxilində həyata keçirilən yeni təyinatlar və struktur dəyişiklikləri müxalifətdə hakim komandanın növbədənkənar seçkilər hazırlığında olduğu qənaəti yaradıb.

Yeniçağ.Az xəbər verir ki, ölkədə ötən il sentyabrın 26-da keçirilmiş Konstitusiya referendumundan sonra prezident və parlament seçkilərinin vaxtından əvvəl keçiriləcəyi haqda ehtimallar səngimir.

Əks-düşərgə mənsublarının referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklərin qüvvəyə minməsi ilə növbədənkənar seçkilərin keçirilməsinin qanuni zərurətə çevrilməsi barədə iddiaları iqtidar rəsmiləri və hakim Yeni Azərbaycan Partiyası (YAP) təmsilçilərinin fərqli iddiaları ilə qarşılaşır. YAP nümayəndələrinin başlıca arqumentləri bundan ibarətdir ki, Konstitusiyaya edilmiş dəyişikliklər kompleks xarakter daşımadığı üçün Əsas Qanunda yer alan yeni müddəalar “növbədənkənar seçkilər keçirilməlidir” məcburiyyəti yaratmır.

Lakin son aylarda baş verən iki mühüm hadisə müxalifətdə erkən seçkilərin təşkil oluna biləcəyi təəssüratı doğurub: ölkənin Birinci xanımı Mehriban Əliyevanın 1-ci vitse-prezident təyin olunması, ikincisi isə “Dövlət qulluğu haqqında” qanunun dəyişdirilməsi təşəbbüsüdür. Qeyd olunan qanuna təklif edilən dəyişikliklərin Prezident Administrasiyası strukturunda əhəmiyyətli yenilikləri ehtiva etməsi növbədənkənar seçki ehtimalına ciddi yanaşanların arqumentlərini daha da gücləndirib.

Ölkədə növbədənkənar prezident seçkiləri ehtimalını yüksək qiymətləndirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Yeniçağ.Az-a açıqlamasında bu versiyanı belə əsaslandırıb:

Без названия“Azərbaycanda siyasi hadisələrin bir neçə inkişaf perspektivi var və bu mənada süjet xətti hakimiyyətdaxili proseslərdən asılı olaraq, inkişaf edəcək. 26 sentyabr referendumundan sonra baş verənlər, xüsusən də xanım Mehriban Əliyevanın birinci vitse-prezident, faktik olaraq dövlətin ikinci adamı statusunda rəsmiləşməsi, yeni siyasi gerçəklik formalaşdırıb.

Fikrimcə, bu təyinat Azərbaycanda yeni siyasi eranın başlanğıcı kimi qavranılmalıdır. Yaxın gələcəkdə siyasi trendin məhz siyasi tabanın dəyişməsinə istiqamətlənəcəyi təxmin edilir. Söz yox ki, bu, ağrılı proses olsa da, qaçılmazdır. Ancaq buna qarşı müqavimətin olduğu da açıq sezilir.

Proseslərin bu istiqamətdə inkişafı həmin müqavimətin intensivliyindən asılı olacaq. O baxımdan, prezident seçkiləri indidən çox vacib mərhələ kimi görünür. Hakim ailə 2013-cü il prezident seçkilərində həyata keçirtməyi planlaşdırdığı namizəd rotasiyasını yəqin ki, bu dəfə reallaşdıracaq. Dövlətin ilk iki şəxsinin öz yerlərini dəyişəcəkləri ehtimal olunur. Yəni belə bir “Qalaqurma” hakimiyyətin imicini dəyişmək üçün mühüm şərt hesab edilir.

Bu planın dərinliyində qarşıdakı dönəmdə yarana biləcək “beynəlxalq turbulentlik”dən qorunma məqsədi də var. Bununla belə, prezident seçkilərinin tarixini də əsasən, yuxarıda vurğuladığım müqavimət müəyyənləşdirəcək. Nəzərə almaq lazımdır ki, 2013-cü il təcrübəsi unudulmayıb – o vaxt müqavimətin əsas həlqəsi Kremldə olsa da, şaxələri hakimiyyətin daxilinə və müxalifətin əhəmiyyətli hissəsinə qədər çatırdı.

Ehtimal olunan belə bir dəyişiklik Şimal qonşumuzu qətiyyən sevindirmir. Bu da onunla bağlıdır ki, keçmiş metropoliyaya zəif hakimiyyət lazımdır. Zəif iqtidar isə kənar təzyiqlərə daha həssas olur.

Maneənin miqyasından və mütəşəkkilliyindən asılı olaraq, prezident seçkiləri həm 2017-ci ilin ikinci yarısında, təqvimə uyğun qaydada 2018-ci ildə və ya Konstitusiyanın yeni normalarına əsasən, 2020-ci ildə də keçirilə bilər.

Ağırlaşan sosial, iqtisadi, siyasi, beynəlxalq, maliyyə şəraitində növbədənkənar prezident seçkilərinin bu ilin payızında keçirilmə ehtimalını daha məntiqli hesab edirəm. Düzdür, iqtidar öz davranışları və qərarlarında alogizmə üstünlük verir. Ancaq hər halda dediyim ehtimal yetərincə real zəminə əsaslanır”.

Bununla belə, hakim partiyanın təmsilçiləri müxalif siyasətçinin “Növbədənkənar prezident seçkiləri” ehtimalını birmənalı tərzdə inkar etməkdədirlər. Mövzu ilə bağlı Yeniçağ.Az-a açıqlama verən Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə qəti şəkildə bildirib ki, ölkədə növbədənkənar seçkilərin keçirilməsi planlaşdırılmır:

“Növbədənkənar seçkilərin keçiriləcəyi haqda deyilənlər müxalifətin əsassız iddialarının davamıdır. Başqa sözlə, müxalifət partiyalarının rəhbərləri bu məsələni zaman-zaman dövriyyəyə buraxaraq, özlərini gündəmdə saxlamağa çalışırlar.

Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi nəzərdə tutulmur. Cənab prezident bu barədə danışarkən bildirib ki, prezident seçkiləri qanunla müəyyən edilmiş vaxtda keçiriləcək. Bu bəyanatdan sonra növbədənkənar seçkilərin təşkil olunacağını iddia etmək qeyri-ciddilikdir. Deyildiyi kimi, prezident seçkiləri əvvəldən planlaşdırılan təqvim əsasında keçiriləcək və əminəm ki, Yeni Azərbaycan Partiyasının namizədi xalqın etimadını qazanaraq, qalib gələcək”.

Bu məsələni Yeniçağ.Az-a dəyərləndirən Milli Məclisin deputatı Çingiz Qənizadə də növbədənkənar seçki ehtimalını istisna edib:

siaphoto_492228“Müxalifət bu məsələni tez-tez gündəmə gətirsə də, ölkədə növbədənkənar seçkilərin keçirilməsini zəruri edən heç bir səbəb yoxdur. Bunu iddia edənlər əksər hallarda Konstitusiyaya edilmiş son dəyişikliklərə əsaslanırlar. Ancaq başa düşmürlər ki, həmin dəyişikliklər növbədənkənar seçkilərin təşkili tələbini doğurmur. Cənab Prezident öz vəzifəsini uğurla həyata keçirir və Milli Məclis də normal fəaliyyət göstərir. Belə olan halda hansı erkən seçkidən danışmağın yeri var? Bilirsiniz, bir çoxları özlərini yatanda da Prezident və deputat kürsüsündə təsəvvür etdiklərindən, bu məsələni tez-tez gündəmə gətirirlər. İndiki halda növbədənkənar seçkilərə ehtiyac yoxdur və bu məsələ müzakirə də edilmir”.

A.Zeynalov
Yeniçağ.Az

COP29