“Bir vaxtlar əlçatmaz hesab etdiyimiz müəllimlərin əli indi valideynlərin cibindən çıxır”
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov jurnalistlərə açıqlamasında şagirdlərdən 8 Martla bağlı pul yığılmasının birmənalı olaraq qanunsuz olduğunu deyib. Onun sözlərinə görə, məktəbdə elə mühit olmalıdır ki, həmin yeniyetmələr dəyərlər ruhunda böyüyə bilsinlər. Əgər bununla bağlı hər hansı qanunsuz tələb irəli sürülərsə, valideynlər nazirliyin “qaynar xətt”inə müraciət edə bilərlər:
“Amma təəssüf ki, bir çox hallarda bu kimi müraciətlər anonim xarakter daşıyır və heç kim də ad çəkmək istəmir. Ölkədə 4500 məktəb var və bizim anonim reviziya həyata keçirməyimiz mümkün deyil. Yaxşı olardı ki, valideynlər təhsil mühitinin bir hissəsinə çevrilsinlər. O zaman bizim də işimizə töhfə vermiş olarlar”.
Qocaman yazıçı Seyran Səxavətin sözlərinə görə, bizdə dəyərindən asılı olmayaraq hörmət əlaməti olaraq, kiməsə bəxşiş vermək anlayışı hər zaman olub: “Əslində bu çox gözəl, insanlar arasında ünsiyyəti möhkəmləndirən, biri-birinə inamı artıran tendensiyadır. Amma biz zamanla hörmət kimi müqəddəs bir sözü o qədər aşındırdıq ki, indi rüşvət sözünün sinonimi kimi işlədirik”.
Müəllimlərin məktəb uşaqlarından 8 Mart hədiyyəsi olaraq pul yığmasının dilənçilikdən heç bir fərqi olmadığını deyən yazıçının sözlərinə görə, bu hal müəllim adına yaraşmır: “Müəllim böyük şəxsiyyətdir. Biz məktəbli olanda elə bilirdik ki, müəllimlər yemək yeyib, su içmir. Həmişə onların evdə özlərini necə aparmağı barəsində düşünüb, müxtəlif mülahizələr irəli sürürdük. Çünki müəllimlər bizim üçün əlçatmaz idi. Əlimiz nə qədər uzun olsa da, müəllimə çatmayacağını zənn edirdik. Amma indi müəllimlərlə şagirdlər arasında bütün pərdələr götürülüb. Bir vaxtlar əlçatmaz hesab etdiyimiz müəllimlərin əli indi valideynlərin cibindən çıxır. Əslində, elə təhsilimizin bu qədər aşağı səviyyədə olmasının bir səbəbi də şagirdlərin yanında müəllimlərin gözükölgəli olmasıdır. Valideynlərin əlinə baxan müəllim isə şagirdlər üçün hər cür pedaqoji güzəştlərə hazır olur”.
Təkcə orta məktəblərdə deyil, bütün sahələrdə rüşvətin bir ənənə halını aldığını vurğulayan S.Səxavət deyib ki, bu gün ölkədə “rüşvət üzrə akademiklər”, “rüşvət şəxsiyyət”ləri var: “Hesab edirəm ki, xırda-xırda işlərlə məktəblərdə 8 Mart münasibətilə yığılan pulların qarşısını almaq mümkün olmayacaq. Ölkədə 4500 məktəb varsa, hər məktəbdə də ən azı 70- 80 müəllim olur. Deməli, onlara bir-bir nəzarət etmək mümkünsüzdür. Ancaq hər məktəbin bir direktoru varsa, deməli onlar üzərində nəzarət mexanizmi həyata keçirmək olar. Amma heç vaxt şahidi olmamışam ki, məktəb direktorları pul yığımına görə cəzalandırılsın. Cəzasızlıq mühitinin özü də rüşvət alanları daha da həvəsləndirir. Filankəsin qohumu olduğu üçün qanunsuz əməl törədən adamların işini ört-basdır edirlər. Əcəba, bu uşaqlar Azərbaycan xalqının balaları-qohumları deyil? Bəs, bu gün 8 Martda məcburi pul yığan müəllim bəri başdan uşaqları rüşvətə öyrətmir? Kim zəmanət verir ki, bu uşaqlar böyüyüb hansısa təşkilatda, idarədə işləyəndə rüşvət almayacaq. Ölkənin gələcəyini yolundan sapdırmaq, qaranlıq istiqamətə yönəltmək dövlətçilik üçün ən böyük cinayətdir”.
Seyran Səxavətin dediyinə görə, orta məktəblərdə rüşvətin kökünü kəsmək istəyi müəllimlərin rüşvət almaq istəyindən, ən azı 2-3 dəfə böyük olmalıdır. Biz rüşvətə qarşı mübarizədə kifayət qədər sərt mövqe tutmalıyıq. Bir balaca gülümsəsək ipin ucu əlimizdən çıxacaq. Biz isə buna yol verməməliyik. Çünki rüşvət bütün yaxşı işlərimizə kölgə salır.
Təhsil eksperti, professor Məhərrəm Zülfüqarlı isə hesab edir ki, əhalinin sosial-iqtisadi vəziyyəti yaxşı olsa, ümumiyyətlə bu cür problemlər, müzakirələr bu qədər geniş vüsət almaz: “Şagirdlərin bayram münasibəti ilə qadın müəllimlərinə hədiyyə verməsi sovet dövründən üzü bu yana Azərbaycanda mövcuddur. Əslində, burada qəbahətli bir şey yoxdu. Amma bayram münasibəti ilə zorla şagirdlərdən pul yığmaq, siyahı tutaraq filan qədər verməlisən deyərək tələb etmək xoşagələn hal deyil”.
M.Zülfüqarlının sözlərinə görə, nazirliyin valideynlərdən hədiyyə yığan müəllimlərin adlarını tələb etməsi doğru yanaşma deyil: “Biz hər şeydən əvvəl mentalitetimizi qorumalıyıq. Şagirdlərdən nəsə tələb edib deyə, valideynlərin müəllimi şikayət etməsi bir növ mərdimazarlıqdır. Dediyim kimi, bunun səbəbi sırf iqtisadi problemlərlə bağlıdır. Əgər müəllimlərin maaşları artırılsa, onlar da bu cür hallara yol verməzlər. Həm də ki, Təhsil Nazirliyi bu problemin həllini valideynlərin üstünə atmamalıdır. Bütün məktəblər nazirliyin tabeçiliyindədir və onlar da öz işçilərinə nəzarət mexanizmini düzgün qursalar, bu cür hallar qeydə alınmaz”./ “Şərq” qəzeti
www.yenicag.az