“Ümumi tendensiya olaraq, rüşvətxor məmurların həbs edilməsi alqışlanır və müsbət qiymətləndirilir”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasına qarşı Azərbaycan dövləti qəti tədbirlər həyata keçirir. Bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş təxirəsalınmaz qərarlar ölkəmizin həmin bəladan minimum itkilərlə çıxmasına zəmin yaradır.
Ancaq dövlət aparatında çalışan, nəinki iqtidara, eyni zamanda, dövlətçiliyə, xalqa əks mövqedə duran insanlar var. Onlar ölkəmizdə pandemiya dövründə aparılan sosial dəstək siyasətinə qarşı hüquqa və mənəviyyata sığmayan hərəkətlər ediblər.
Çoxsaylı şikayətlər, korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama ittihamları ilə həbs olunmuş Ağstafa, Yevlax, Neftçala rayon icra hakimiyyətlərinin başçılarının taleyindən nəticə çıxarmayan növbəti şəxs Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısıdır.
Prezident İlham Əliyev dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqlar verib. Buna baxmayaraq, Biləsuvarın icra başçısı dövlətin mənafeyinə ciddi zərbə vurub, pandemiya dövründə ehtiyacı olan şəxslərə dövlət tərəfindən ayrılmış maddi dəstəyi qanunsuz olaraq mənimsəyib.
Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılacaqlar.
Ölkədə rüşvətxorluq və korrupisiyaya qarşı aparılan mübarizəni Yenicag.az-a dəyərləndirən AĞ Partiyanın sədri Tural Abbaslı bildirib ki, hakimiyyətin bu istiqamətdə atdığı addımlar cəmiyyətdə müsbət qarşıalnır:
“Bu, artıq həbs olunan 4-cü icra başçısıdır. Onların hamısı korrupsiya, mənimsəmə və vəzifəsindən sui-istifadə etmək ittihamə əsasında həbs olunublar. Müvafiq dövlət orqanları bu həbslərin aparıldığı əməliyyatın görüntülərini ictimaiyyət üçün yayımlayır.
Bu o deməkdir ki, hakimiyyət ölkədə korrupsiyaya qarşı mübarizə aparıldığını cəmiyyətə nümayiş etdirir. Ümumi tendensiya olaraq, rüşvətxor məmurların həbs edilməısi alqışlanır və müsbət qiymətləndirilir.
Ancaq bu işlər sadəcə, təbliğat məqsədilə aparılmamalı, davamlı prosesə çevrilməlidir. Bu addımların həm də sistemdə yeniliklərin həyata keçirilməsinə zəmin yaratdığını düşünürük”.
Səxavət Məmməd
www.yenicag.az