“”El Nino” cərəyanı nəticəsində regionlarda şəkər istehsalı üçün əlverişli mühit yaranmır. Yağıntıların düzgün paylanması baş vermir və nəticədə quraqlıq başlayır”.
Bu sözləri dünya bazarlarında və ölkədə şəkərin qiymətinin artması ehtimallarına münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.
O bildirib ki, son iki ayda sözügedən məhsulun qiymətində azalma olsa da, ümumən son bir ildə 30 faiz artım müşahidə edilib.
“Şəkər çuğundurunun istehsalı ilə məşğul olan bir neçə ölkə var. Braziliya, Hindistan, Tayland kimi ölkələr ilk sırada qərar tuturlar. Rusiya və Ukrayna adıçəkilən digər ölkələr kimi aparıcı mövqeyə malik deyil. Şəkərin qiyməti son bir neçə ayda, əsasən də iyun-iyul aylarında aşağı düşüb.
Amma şəkər məmulatlarının bu iki ayın qiymət enişinə baxmayaraq son 1 ildə 30 faizə qədər bahalaşma müşahidə edilir. Qiymət artımına iki səbəb var: enerji qiymətlərinin yüksək səviyyədə olması və iqlimin təsiri.
Ümumən dünyada enerji qiymətləri bir qədər aşağı düşsə də, müəyyən qədər təsirə malikdir. Ən əsas məqam isə iqlim mühitinin təsiridir. Belə ki, şəkər çuğundurunun dünyada ən çox əkildiyi regionlarda – Braziliya, Hindistan, Tayland və s. Cənub-Şərqi Asiya ölkələrində yaşanan “El Nino” cərəyanı mövcuddur ki, adıçəkilən regionlarda şəkər istehsalı üçün əlverişli mühit yaranmır. Yağıntıların düzgün paylanması baş vermir və nəticədə quraqlıq başlayır. Bu da adıçəkilən ölkələrin şəkər hasilatına mənfi təsir göstərir. Bu səbəbdən də dünya bazarlarında şəkər qiymətləri artıb. Öncədən qeyd etdiyim kimi, şəkər qiymətləri son iki ayda azalsa da, son bir ildə qiymətlərdə 30 faiz bahalaşma yaşanıb. Buna görə də müəyyən artımlar gözləniləndir.
Azərbaycanda da şəkər istehsalı həyata keçirilir və yerli bazarın tələbatı bu yolla ödənilir. İdxal-ixrac göstəriciləri də demək olar ki, eyni səviyyədədir. Lakin burada bir problem var: ölkədə şəkər istehsalı aparılsa da, bunun üçün lazım olan xammal xaricdən idxal edilir. Sözügedən xammalın 90-95 faizi xaricdən idxal edilir. Buna görə də dünyada bu yönümdə bahalaşma olduqca, Azərbaycana da təsirləri olacaq”.
Yusif Səmədzadə
www.yenicag.az