Ölkədə Azərbaycan Yüksəliş Partiyası adlı yeni siyasi partiya yaradılıb.
Yenicag.az bildirir ki, yeni qurumun Təşəbbüs Qrupu bununla bağlı bəyanat verib.
Bəyanatda deyilir ki, ölkədə yaranmış ideoloji boşluq bir çox vətəndaşın öz siyasi düşüncəsini arzuolunan səviyyədə ifadə etməsinə imkan vermir.
Dəyişən çağın tələblərini nəzərə alaraq, yeni ideoloji-siyasi təşkilata, yeni nəfəsə ehtiyac duyulur. Yeni siyasi qurum platformasında milliyyətçilik, parlamentli respublika idarəçiliyi, sosial ədalət, sosial mühafizakarlıq – dini, mədəni, etnik irsin qorunması, Sekulyarizm və tarixi torpaqların geri qaytarılmasını ifadə edən irredentizm prinsiplərini rəhbər tutacaq.
Bəyanatı Təşəbbüs Qrupu adından Anar Əsədli, Bəhrəm İsmayılov və Aygün Muradxanlı imzalayıb.
Bəyanatda deyilir:
“Dəyərli xalqımız!
Yaşadığımız çətin günlərdə Azərbaycanda azad və demokratik dövlət qurulmasını amalı sayan vətəndaşlarımızın ən böyük arzusu ərazi bütövlüyümüzün bərpasıdır.
Gənc dövlətimiz müstəqilliyini bərpa etdiyi gündən yeni iqtisadi və siyasi sistemi qurmaq, baş vermiş işğal səbəbindən amansız düşmənlə savaşmaq, itirilmiş torpaqları geri qaytarmaq, qonşu dövlətlərlə münasibətləri nizamlamaq, ən əsası, dövlətçilik ideologiyası zəminində yeni vətəndaş yetişdirmək, şəffaf cəmiyyətin əsas atributlarından olan vətəndaş institutlarını yaratmaq, Sovetlər Birliyinin dağılması nəticəsində yaranan çoxsaylı sosial çətinlikləri aradan qaldırmaq kimi böyük problemlərlə üzləşib.
Son 30 ildə Azərbaycanda demokratik institutların formalaşması, yuxarıda sadalanan problemlərin çözülməsi məqsədilə 50-yə yaxın siyasi partiya və yüzlərlə qeyri-hökumət təşkilatı yaradılıb. Buna baxmayaraq, ölkədə yaranmış ideoloji boşluq bir çox vətəndaşın öz siyasi düşüncəsini arzuolunan səviyyədə ifadə etməsinə imkan vermir. Artıq Azərbaycanda yeni təfəkkürə sahib parlaq nəsil yetişməkdədir. Düşünürük ki, Azərbaycan siyasi məkanında formalaşmış müsbət ənənələrə sadiq qalmaqla dəyişən çağın tələblərini nəzərə alaraq, yeni ideoloji-siyasi təşkilata, yeni nəfəsə ehtiyac duyulur.
Bu səbəbdən də bir qrup vətənsevər, sağ mərkəzçi, demokratik prinsiplərə sadiq, aktiv ictimai-siyasi şəxslər olaraq ölkəmizin gələcəyi ilə bağlı baxış və niyyətlərimizin birləşdiyi yeni siyasi təşkilatı – Azərbaycan Yüksəliş Partiyasının (AYP) Təşəbbüs Qrupunu elan edirik.
Yeni siyasi qurum aşağıdakı məramları rəhbər tutur:
1. Milliyyətçilik;
2. Parlamentli respublika idarəçiliyi;
3. Sosial ədalət;
4. Sosial mühafizakarlıq – dini, mədəni, etnik irsin qorunması;
5. Sekulyarizm – dinin dövlət idarəçiliyindən ayrı olması;
6. İrredentizm – tarixi torpaqların geri qaytarılması.
Bəyan edirik ki, vətənsevər, böyük və güclü Azərbaycan arzusunda olan hər bir vətəndaş Təşəbbüs Qrupuna qatılaraq siyasi təşkilatın quruculuğunda iştirak edə bilər.
Təşəbbüs Qrupunun cavabdeh şəxslərini ictimayyətə təqdim edirik:
Anar Əsədli
Bəhrəm İsmayılov
Aygün Muradxanlı”.
www.yenicag.az