“Ölkəni təhdid edən risklərin görünməyən tərəfləri də var” – Sabiq dövlət müşaviri

“O hadisələr zamanı müəyyən gərginlik yaransa da, sabitliyin pozulduğunu söyləmək doğru olmazdı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında iyulun ilk həftələrində ölkədə baş verən məlum hadisələrdən sonra dövlətin qarşılaşdığı risklərin aradan qaldırılması haqqında danışan keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, o hadisələr zamanı müəyyən narahatlıqlar yaransa da, cəmiyyət qısa müddətdə toparlanmağı bacardı:

“Doğrudur, ötən həftələrdə cəmiyyətdə ciddi narahatlıq doğuran hadisələr yaşandı. Ancaq qeyd olunmalıdır ki, dövlətin vaxtında gördüyü tədbirlər nəticəsində ölkə qısa müddətdə toparlanmağı bacardı. Bunun nəticəsində də cəmiyyət bir neçə gün davam edən narahatlıqdan, qeyri-müəyyənlikdən çıxdı və öz əvvəlki vəziyyətinə qayıtdı.

Nəzərə alaq ki, o hadisələr zamanı müəyyən gərginlik yaransa da, sabitliyin pozulduğunu söyləmək doğru olmazdı. Sadəcə, cəmiyyətdə bir qədər emosional həyəcanlanma vardı və o da ötüb keçdi. Gördüyünüz kimi, ölkədə həyat artıq öz normal axarına qayıdıb.

Hesab edirəm ki, dövləti və cəmiyyəti təhdid edən risklərin böyük hissəsi aradan qaldırılıb. Dediyim kimi, müvafiq tədbirlər görüldü və baş verənlərin anatomiyası böyük mənada müəyyənləşdirildi. Cəmiyyət haradasa nəfəsini dərə bildi və dövlətin güclülüyü haqda qənaət də öz yerini tutdu. Bu səbəbdən, cəmiyyətin yenidən öz təbii durumuna qayıtması çətinlik törətmədi.

Zənnimcə, nəzərdə tutulan risklərin böyük hissəsi artıq öz təsirini itirib və həm dövlət, həm də hökumət strukturlarının əksəriyyəti o risklərin mahiyyəti haqda maarifləndi.

Bu məsələdə medianın apardığı maarifləndirmə fəaliyyəti də mütləq qeyd olunmalıdır. Bəhs etdiyimiz risklərin əksəriyyətinin mahiyəti dövlət aparatına və cəmiyyətə bəllidir. Ancaq bu risklərin bəzi görünməyən tərəfləri də var və dövlətin məlum strukturları onların üzərində iş aparmaqdadırlar”.

A.Zeynalov

COP29