Onlar Azərbaycanda dövlət içində dövlət qururdular”
Türkiyədə dekabrın 14-də keçirilən əməliyyatlarla bağlı yayılan məlumatlarda illər əvvəl “fətullahçı” polislərin hazırladığı hesabatda Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının da adının yer aldığına dair məqamlar var. Türkiyə mətbuatının yazdığına görə, “Tahşiyecilər” qrupuna qarşı həbs əməliyyatlarını həyata keçirən “fətullahçı” polislər həmin qrupun “Ergenekon” terror təşkilatı” ilə də təmasda olduğuna dair dosye hazırlayıb.
2009-cu ilin mayında “Tahşiyecilər” qrupu haqda İstanbul polisinin terrorla mübarizə şöbə müdirliyi İstanbul Cümhuriyyət prokurorluğuna araşdırma icazəsi almaq üçün tələbnamə göndərib.
Həmin sənəddə “Tahşiyeciler”in “Ergenekon”la əlaqəli olduğu göstərilib. Həmin tələbnaməni göndərən antiterror şöbəsinin rəisi Ertan Erçıktı dekabrın 14-də həbs olunub. Onun göndərdiyi tələbnamədən qeydlər: “Mehmet Doğan və “Tahşiyecilər”in digər əsas liderlərinin “Ergenekon” işi üzrə ikinci istintaq materiallarında adı keçən Tənzilə Rüstəmxanlı ilə Azərbaycanda birlikdə fəaliyyət göstərən Aqil F. və Hüseyn B. ilə təmasda olduğu müəyyən edilib”.
Yayılan məlumatla bağlı İnterpress.az-a açıqlamasında T.Rüstəmxanlı illər əvvəl sərgilədikləri mövqenin nə dərəcədə doğru olduğunun nəhayət ki, ortaya çıxmasından məmnunluğunu ifadə edib: “Bu gün Türkiyədə “paralel yapı” ilə bağlı mübarizədə üzə çıxan sənədlər, dosyalarda “Ergenokon”la adımızın hallandırılması bizim nə dərəcədə haqlı olduğumuzu göstərir. Türkiyədə “Ergenekon”la bağlı vətənsevərləri toplayıb həbs edəndə, Azərbaycanda kimsənin buna səs çıxarmadığı bir zamanda mətbuat konfransı keçirərək onların suçsuz olduğunu bildirirdik. Bunun Azərbaycanın dostlarına qarşı qurama iş olduğunu göstərirdik. O zaman ölkəmizdə də bizə qarşı çıxanlar, bizi qəzetlərə manşet edənlər, “Ergenekon”la əlaqəmizin olduğunu deyənlər oldu. Amma zaman göstərdi ki, haqq nazilər, üzülməz. Zaman bizim haqlı olduğumuzu göstərdi. Üstündən bir neçə il keçdi və haqq üzə çıxdı. O zaman bizi “Ergenekoncu” olmaqda suçlayan bəzi qəzetlər, komitə sədrləri, Prezident Aparatında ən yuxarı mərtəbələrə qədər çıxanlar, millət vəkilləri var idi. Bizim nə zaman həbs olunacağımızı gözləyirdilər”.
Bütün bunlara baxmayaraq geri çəkilmədiklərini deyən T.Rüstəmxanlı 2008-ci ildə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikri xatırladıb: “2008-ci ildə demişdim ki, bu adamlar Azərbaycanın dostları və Qarabağ məsələsini bilənlərdir. Həmin ili Türkiyədə “Qarabağ ili” elan etmişdik. Onların həbsi erməni “soyqırımı”nı gündəmə gətirməyə, Ermənistanla sərhədlərin açılmasına hesablanmışdı. Bu gün Türkiyədə erməni yazarlar nə qədər güclənib. Bunlar hamısı həmin hadisənin təsiridir. Bizim adımızın “Ergenekon”la bağlanması Azərbaycanın səsini boğmaq istəyənlərin oyunu idi. Bu qüvvələrin dayaqları – Fətullah Gülən camaatı bu işlə məşğul idi”.
Bu gün də bu istiqamətdə fəaliyyətin davam etdirildiyini deyən T.Rüstəmxanlı “Adımızın ordan çıxmasına sevindim. Bu, illər sonra nə qədər haqlı olduğumuzu, davamızın haqlı olduğunu göstərdi” deyə vurğulayıb.
Azəri-Türk Qadınlar Birliyinin sədri Azərbaycanın dövlət qurumlarına müraciət edib: “Onlar Azərbaycanda dövlət içində dövlət qururdular. Bu gün də güclüdürlər. Türkiyədə Xəzər Strateji Mərkəzi olaraq fəaliyyət göstərirlər, maliyyəsi də Azərbaycandan gedir. Mən ölkə Prezidenti İlham Əliyev başda olmaqla dövlət qurumlarına səslənirəm. Azərbaycandakı “pararlel yapı”ya qarşı mübarizə gücləndirilsin”(interpress.az).