“Bizi böyük sənətkarımız, əfsanəvi aktrisamız, ustadım, müəllimim Amaliya xanımın cismani yoxluğu ilə 4 illik zaman kəsiyi ayırır. Onun yoxluğu ilə hələ də barışa bilmirəm”.
Bunu bu gün xatirə günü olan tanınmış aktrisa, mərhum xalq artisti Amaliya Pənahova ilə bağlı xatirələrini bölüşərkən Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Nəzər Məmmədova Yenicag.az-a açıqlamasında deyib.
Aktrisa Amaliya xanımın yetirməsi olmasından qürur hissi keçirdiyini bildirib:
“Deyərdim ki, sənətdə ən böyük uğurum Amaliya xanımın tələbəsi olmağımdır. Amaliya xanımın dəvəti ilə teatra gəlmişəm, artıq 16 ilə yaxındır ki, Bakı Bələdiyyə Teatrının aktrisasıyam.
Amaliya xanımın yeri heç bir zaman sənət dünyasında dolmayacaq. O, əfsanəvi, nəhəng, böyük insan, dəyərli şəxsiyyət idi. Onun qəfil ölüm xəbərini aldığım günü indi də göz yaşı içərisində xatırlayıram. O xəbəri alanda sarsıldım. Səhnəmiz onun timsalında böyük aktrisanı itirdi.
Amaliya Pənahova 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində saysız-hesabsız obrazlar yaradıb. Düz deyirlər ki, sənətkarlar ölmür. Amaliya Pənahova bu gün də yaşayır, onun ömrü səhnədə və kinoda yaratdığı obrazlarda davam edir. Hər dəfə o filmlər və tamaşalarla sevimli aktrisamız sevənlərini salamlayır”.
Cəvahir
www.yenicag.az