“Ordunun ehtiyaclarını təmin etmək üçün Azərbaycan dövlətinin yetərincə geniş imkanları var”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Vətən Müharibəsinin gedişində və ondan sonrakı dövrdə Ordunun təminatı ilə bağlı ciddi problemlərin olmasına dair iddialara münasibət bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Şair Ramaldanovun sözlərinə görə, Orduda şəxsi heyətin sayına uyğun olaraq, həm yemək, həm də digər zəruri məhsullar müntəzəm və vaxtında çatdırılır:
“Ola bilsin, işğaldan azad edilmiş bölgələrimizdə yol-lojistik məsələlərinin yaratdığı çətinlik səbəbindən müəyyən ərazilərdə təminatın vaxtında və lazımı qədər çatdırılmaması halları var. Lakin prinsip etibarilə, Ordunun həm ərzaq, həm də əşya təminatı daimi həyata keçirilir.
Yəni deməzdim ki, bu sahədə hansısa çatışmazlıq var. Döyüşlərin davam etdiyi dövrdə də belə problemlərin yaranması istisna deyil. Ancaq bunun kütləvi xarakter daşıdığını düşünmürəm.
Məsələn, hazırda Ordunun şəxsi heyəti, o cümlədən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayan digər güc strukturlarının əməkdaşları qış geyimi və başqa zəruri əşyalarla tam təmin edilirlər. Ümumiyyətlə, Ordunun ehtiyaclarını təmin etmək üçün Azərbaycan dövlətinin yetərincə geniş imkanları var”.
Səxavət Məmməd
www.yenicag.az