!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orta məktəblərdə şagirdlərə telefon QADAĞASI: Hər kəsin gizlətməyə çalışdığı reallıq nədir?

!Reklam – Yazi

“Şagirdin məktəbdə telefondan istifadə etməsi fikir dağınıqlığına və dərs prosesinin pozulmasına səbəb ola bilər. Bu da istər-istəməz dərsin keyfiyyətinə təsir göstərir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında orta məktəblərdə şagirdlərin telefon qadağasından danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, 2023-cü ildə tədris ilinin ikinci yarımilindən başlayaraq ölkəmizin pilot olaraq, 300 məktəbində “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” tətbiq edilib:

“Həmin qaydalarda göstərilib ki, şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Əgər şagird məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq, təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılır. Şagirdlərin məktəbə ağıllı saat, telefon və digər bu tipli elektron cihazları gətirməsi və istifadə etməsini bir neçə istiqamətdə düşünmək olar. Sadaladıqlarımız arasından mobil telefonun şagird tərəfindən gətirilməsi başa düşüləndir. Valideynlər övladlarından istədikləri vaxt xəbər ala bilirlər. Lakin digər tərəfdən, şagirdin məktəbdə telefondan istifadə etməsi fikir dağınıqlığına və dərs prosesinin pozulmasına səbəb ola bilər. Bu da istər-istəməz dərsin keyfiyyətinə təsir göstərir. Bundan başqa, mobil telefonlardan istifadə şagirdlərin sağlamlığına və təlim-tərbiyəsinə mənfi təsir göstərə bilər. İsveçdə aparılmış tədqiqatların nəticələrində aydın olub ki, 8-12 yaşlarında mobil telefondan istifadə edən uşaqlarda artıq 21 yaşlarında beyin şişləri 18 yaşdan sonra mobil telefonlardan istifadə edənlərdən beş dəfə çoxdur. Alimlərin fikrinə görə, mobil telefonların insan sağlamlığına mənfi təsiri kompüterdən, planşetlərdən və televizordan daha çoxdur”.

Ekspert qeyd edib ki, bir sıra xarici ölkələrdə, müəyyən yaş qrupları arasında telefonların məktəbə gətirilməsi qadağası var:

“Azərbaycan məktəblərində də əvvəllər belə təcrübə olub. Bu məsələ yenidən aktivləşirsə, onda şagirdlərin hüquqlarının məhdudlaşdırılması kontekstindən deyil, təhsilin keyfiyyətinin yaxşılaşdırılması baxımdan yanaşma sərgilənməlidir. Ancaq hər kəsin gizlətməyə çalışdığı reallıq var. Bu məsələ son günlər şagirdlərin müəllimlərinin, həmyaşıdlarının qeyri-normal hərəkətlərini çəkib sosial şəbəkədə paylaşdıqdan sonra baş verdi. Düşünürəm ki, bu məsələlərdən sonra mobil telefonların və digər cihazların şagirdlərdə qadağan edilməsi mübarizə üsulu deyil. Çünki bu halda müəllim və şagirdlər daha arxayın, sanki nəzarətsiz şəkildə öz xoşagəlməz əməllərini daha da artıracaq. Sadəcə, ictimaiyyətdə real faktlar olmayacaq. Bu da məsələnin ictimailəşdirilməsindən kənarda qalacaq. Qeyd edim ki, burada müəllimlərin fəaliyyətinin məhdudlaşmasından söhbət getmir”.

Mütəxəssis əlavə edib ki, İKT-nin inkişaf etdiyi indiki vaxtda qadağalar deyil, əlimizdə olanlardan müsbət istifadə ideyası ortaya qoyulmalıdır:

“Sual edirəm, şagird dərs zamanı telefondan istifadə etmirsə, dərsi pozmursa, onun telefonu niyə alınmalıdır? Bu halda, telefonların qadağan edilməsi nəyə görədir? Məqsəd qanunsuzluqların ictimailəşdirilməsinin qarşısını almaqdırsa, düşünürəm ki, obyektiv üsul deyil. Nəzərə alaq ki, İKT-nin inkişaf etdiyi indiki vaxtda qadağalar deyil, əlimizdə olanlardan müsbət istifadə ideyası ortaya qoyulmalıdır. Yaxın keçmişdən fərqli olaraq şagirdyönümlü bilik və bacarıqların formalaşdırılması günün ən vacib tələbi olduğundan qloballaşan dünyada bacarıqların formalaşması üçün İKT avadanlıqlarına, eyni zamanda, ağıllı telefonlara böyük ehtiyac var. Bütün bunları nəzərə alaraq, şagirdlərin məktəbdə smatrfon telefonlardan istifadə etməsinə qadağa qoyulması birmənalı deyil. Nəticə etibarilə telefon və digər bu kimi cihazların qadağası mövcud problem həll edə bilməyəcək”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv