Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Əlisəid Həsənov, Fərid Hacıyev, Orxan Məmmədli və Fərid Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yenicag.az xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi kollegiyanın hökmü ilə Əlisəid Həsənova şərti, digər təqsirləndirilənlərin hər biri 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, ötən il Xətai rayon Polis idarəsinə müraciət edən paytaxt sakini Qafqaz Qəhrəmanov General Mehmandarov küçəsində yerləşən işlədiyi marketə əllərində tapançaya bənzər əşya və bıçaq olan naməlum şəxslərin basqın etdiyini, daha sonra ona hədə-qorxu gələrək kassadan 230 manat pulu götürüb hadisə yerindən qaçdıqlarını bildirib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai rayon Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Hacıyev, əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə və Orxan Məmmədli də müəyyən edilərək saxlanılıb. Onlar ifadələri zamanı törətdikləri cinayəti etiraf ediblər. Araşdırma zamanı məlum olub ki, hadisə zamanı dəstə üzvləri zərərçəkəni əllərində olan oyuncaq tapança ilə qorxudublar.
Dəstə üzvlərinin Xətai rayonunda daha bir mağazadan soyğunçuluq yolu tütün məmulatları, eləcə də NZS və Bakıxanov qəsəbələrində yerləşən iki marketdən oğurluq etdikləri də məlum olub. Daha sonra Əlisəid Həsənov da saxlanılıb.
Cinayət işində 5 zərərçəkmiş var.
Təqsirləndirilən şəxslərdən yalnız Ə.Həsənovun barəsində həbs qətimkan tədbiri seçilməyib.
www.yenicag.az