!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Öz qanına “susayan” piyadalar: Nə cərimə kömək edir, nə də...

!Reklam – Yazi

Paytaxt Bakıda çox sayda yerüstü və yeraltı piyada keçidləri istifadəyə verilsə də, insanlar yolu icazə verilməyən yerlərdən keçmək vərdişindən əl çəkmirlər.

Yenicag.Az xəbər verir ki, piyada keçidlərindən istifadə etməməklə, yol-hərəkət qaydalarını pozan vətəndaşlara qarşı inzibati tədbirlərin sərtləşdirilməsinə baxmayaraq, bu problem öz aktuallığını saxlamaqdadır.

Bu məsələ ilə bağlı Yenicag.Az-a açıqlama verən sabiq polis polkovniki Mahmud Hacıyevin fikrincə, əksər piyadaların hələ də yolun qadağan olunmuş hissəsindən keçməyə cəhd etməyi onların köhnə vərdişlərdən uzaqlaşa bilməməsindən qaynaqlanır:

“İnsan nəyəsə adət edirsə, ondan yaxa qurtarması çətin olur. Digər tərəfdən, açıq danışaq, Azərbaycan hələ sivil Avropa, yaxud da Malayziya və Honkonq kimi şərq ölkələri səviyyəsinə çatmayıb.

Əvvəllər yerüstü və yeraltı piyada keçidləri demək olar ki, yox idi – olsa da, az idi. Bu səbəbdən də, insanlar köhnə qaydalara öyrəşiblər. Piyadaların bir çox hallarda yeraltı və yerüstü keçidlərdən istifadə etməməsi əsasən, tənbəllik və düşüncə tərzi ilə də bağlıdır.

Təhlükəli yollardan istifadə zamanı da əksər hallarda yol qəzaları baş verir. Hətta maraqlıdır ki, yeraltı və yerüstü keçidlər olmayan yollarda piyada zolaqları qoyulsa da, adamlar kənar yerdən keçməyə üstünlük verirlər.

Yəni əksər insanlarımız 20-30 addım kənarda yerləşən piyada zolağından keçməyə tənbəllik edir. Bu pozuntulara qarşı mübarizə vasitələrindən biri cərimələrin tətbiq edilməsi, yeri gələndə onların artırılmasıdır. Lakin məsələ ondadır ki, cərimələnmə prosesi də ancaq kampaniya xarakteri daşıyır. Ümumiyyətlə, indiki dövrdə cərimələrin çox olmasının da tərəfdarı deyiləm. Çünki insanların maddi imkanları qayda pozuntularına görə tez-tez cərimə ödəməyə imkan vermir”.

Ekspert problemin həlli üçün vətəndaşlar arasında maarifçilik işlərinin gücləndirilməsini vacib sayır:

“Qayda pozuntularının minimum səviyyəyə endirilməsi üçün ciddi maarifləndirmə işləri aparılmalıdır. Bu istiqamətdə də fəaliyyət olduqca zəifdir. Xüsusilə, elektron mediada bununla bağlı təbliğat xarakterli layihələr yox dərəcəsindədir.

Əhalinin mədəni səviyyəsinin artırılması, maariflənməsi, habelə yol qəzalarının qarşısını almaq naminə televiziyalarda insanların piyada keçidlərindən istifadə etmələrinin vacibliyini təbliğ edən veriliş və süjetlərə geniş yer vermək lazımdır”.

ELÇİN
Yenicag.Az

www.yenicag.az

984
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv