Özbəkistan Prezidentinin müşaviri: "Azərbaycanın formata tamhüquqlu üzv olması mühüm hadisədir"
“Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşləri formatına tamhüquqlu iştirakçı kimi qoşulması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geosiyasi region yaradır”.
Yenicag.az xəbər verir ki, bunu Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Əbdüləziz Kamilov mətbuata açıqlamasında deyib.
Mərkəzi Asiya dövlətlərinin yeni gündəliyinin regionun inteqrasiyası olduğunu qeyd edən müşavir Azərbaycanın formata tamhüquqlu üzv olmasını “çox mühüm hadisə” adlandırıb:
“Azərbaycan prezidenti çıxışında qeyd etdi ki, bu gündən etibarən Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqə güclənir və yeni geosiyasi, geoiqtisadi region formalaşır. Bu nə deməkdir? Əgər gələcəkdə biz bu qarşılıqlı əlaqəni möhkəmləndirsək və inkişaf etdirsək, bu həm bizim region, həm də Cənubi Qafqaz üçün sabitliyin, sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edəcək”.
Onun sözlərinə görə, Mərkəzi Asiya dövlətləri birləşməyə, vahid güc olmağa və beynəlxalq arenada vahid regional səs kimi çıxış etməyə çalışırlar.












