Özbəkistan və Pakistan bir sıra strateji sazişlər imzaladı

media-hightechnic-468x90

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Pakistanın Baş naziri Şahbaz Şərif Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 1-ci iclasının yekunlarında birgə bəyannamə imzalayıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

İslamabadda keçirilən görüş zamanı iki liderin iştirakı ilə strateji tərəfdaşlığın və çoxplanlı əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş ikitərəfli sənədlər paketi imzalanıb.

Sənədlər paketinə iki ölkənin Xarici İşlər Nazirlikləri (XİN) arasında 2026-2028-ci illər üzrə əməkdaşlıq proqramı, biznes şurasının və regionlararası forumun yaradılması haqqında sazişlər, eləcə də güzəştli ticarət haqqında sazişə yeni mallar siyahısının daxil edilməsinə dair protokol daxildir.

Həmçinin liman xidmətləri, dağ-mədən sənayesi, kənd təsərrüfatı, əczaçılıq, toxuculuq sənayesi, rəqəmsal texnologiyalar, mədəniyyət, idman, ekologiya, radiasiya və nüvə təhlükəsizliyi, eləcə də korrupsiyaya qarşı mübarizə və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahələrində əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Əlavə olaraq, Özbəkistan kənd təsərrüfatı məhsullarının Pakistana ixracı üçün fitosanitar tələblərin mübadiləsi üzrə sənədlər, iki ölkənin Müdafiə nazirlikləri arasında yol xəritəsi, həmçinin ali təhsil müəssisələri və ekspert institutları arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Bundan əvvəl Mirziyoyev və Şərif qarşılıqlı ticarət dövriyyəsini 2 milyard dollara çatdırmaq məqsədilə iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Rəsmi məlumatlara əsasən, 2025-ci ildə iki ölkə arasında ticarət həcmi təxminən 500 milyon dollara çatıb, 230-a yaxın birgə müəssisə fəaliyyət göstərir.

Tərəflər həmçinin kənd təsərrüfatı, sənaye və əczaçılıq sahələrində təxminən 3,5 milyard dollar dəyərində layihələr portfeli formalaşdırıblar. Mirziyoyev Şərifi Özbəkistana səfərə dəvət edib./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05