Pakistanda daşqınlar: 300 min nəfər köçürüldü
Pakistanın Pəncab əyalətində şiddətli musson yağışlarının səbəb olduğu daşqınlar böyük fəlakətə yol açıb.
Yenicag.az xəbər verir ki, son 48 saatda təxminən 300 min nəfər təhlükəsiz bölgələrə təxliyə olunub.
Naroval, Sialkot və Muzaffargarh rayonlarında onlarla kənd su altında qalıb. Əyalət Fövqəladə Hallar İdarəsinin rəhbəri Arfan Əli Kathia bildirib ki, xilasetmə işlərinə minlərlə əməkdaş və ordu qüvvələri cəlb olunub. Onun sözlərinə görə, ümumilikdə 33 min kənddə 3,3 milyondan çox insan sel fəlakətindən zərər çəkib.
Daşqınlar nəticəsində Ravi, Çenab və Sutlej çaylarında, eləcə də bəndlərdə suyun səviyyəsi xeyli artıb. Təhlükədə qalanların xilas olunması üçün PUA-lardan istifadə edilir, çadır şəhərcikləri salınır və yardım paylanır.
Rəsmi məlumatlara görə, ölkə üzrə didərgin düşənlərin sayı 1,3 milyona çatıb. 26 iyundan bəri Pakistanda daşqınlar nəticəsində 800-dən çox insan həlak olub.