Partiya sədrləri hansı komandaya azarkeşlik edəcək?
Bu gündən etibarən ABŞ və Meksikada futbol üzrə Dünya Çempionatı başlayır.
Yenicag.az olaraq, Azərbaycanda fəaliyyət göstərən bir neçə siyasi partiya sədrinin hansı komandaya azarkeşlik edəcəyini öyrəndik.
Azad Vətən Partiyasının sədri Akif Nağı 3 komandanın oyunlarını yaxından izləyəcəyini bildirib:

“DÇ-da bizim qəlbimiz həmişə Türkiyənin yanında olub. Bu il daha bir türk komandası olan Özbəkistan da iştirak edir. Həm Türkiyənin, həm Özbəkistanın oyunlarına diqqətlə baxacağıq. Mənim ənənəvi azarkeşlik etdiyim komanda isə Braziliyadır. Dünya futbolunun önündə gedən komanda da düşünürəm ki, Braziliyadır.”
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Türkiyə yığmasına azarkeşlik edəcək:

“Dost, doğma Türkiyə yığmasına azarkeşlik edəcəyəm. Türkiyə bizim ən yaxın dəstəkçimiz, həmişə yanımızda olan dövlətdir. İstər siyasət meydanında, istər futbol meydançasında biz də Türkiyəni tam dəstəkləyəcəyik və Türkiyənin oyunlarını səbirsizliklə gözləyirəm.”
REAL Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli isə 1986-cı ildən Argentina azarkeşidir:

“Səmimi qəlbdən deyirəm, qardaş Türkiyəyə azarkeşlik edəcəyəm. Türkiyənin çox ciddi komanda topladığını da görə bilirik. Düşünürəm ki, Türkiyənin ən azından 1/4 finala qədər irəliləmək şansları var. Türkiyə çempionatda olmasaydı, ənənəvi olaraq 1986-cı ildən bəri azarkeşlik etdiyim Argentinaya azarkeşlik edərdim.”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da Türkiyənin qələbələrinə sevinəcəyini bildirib:

“Əlbəttə, Türkiyənin istənilən nailiyyəti bizim ortaq nailiyyətimizdir. Hansı sahə olmasından asılı olmayaraq, Türkiyənin qalib gəlməsini arzu edirəm və dua edirəm. Türklər oynayanda yəqin ki, həmin oyunları izləyəcəyəm.”
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də Türkiyəyə azarkeşlik edəcəyini bildirib:

“Türkiyə yığmasına. Amma İspaniya və Fransanın şanslarını daha yüksək qiymətləndirirəm.”
Ümid Partiyasının sədri İqbal Ağazadə də həmkarları ilə eyni fikirdədir:

“Dünya Çempionatında Türkiyəni dəstəkləyəcəyəm.”
Ağ Partiya sədri Tural Abbaslı fikirlərini geniş izah edib:

“Təbii ki, ilk növbədə Türkiyəyə azarkeşlik edəcəyəm. Bu, birmənalı şəkildə belə olmalıdır. Türkiyənin də şanslarının olduğunu düşünürəm. Qardaş ölkə olmasa, ikinci seçimim Özbəkistan millisi olacaq. Həm türk, həm də müsəlman dövlətidir. Demək olar ki, türk-müsəlman ölkələrinə daha çox azarkeşlik edəcəyəm. Əgər digər ölkələri soruşsanız, istərdim ki, Ronaldoya görə Portuqaliya çempion olsun. Onun ən müxtəlif zamanlarda dünyada baş verən haqsızlıqlara biganə qalmadığına şahidlik etmişik. Əgər Türkiyə, Özbəkistan və Portuqaliya olmasa, o zaman Almaniya seçimim olacaq. Braziliya da seçimlərim sırasındadır. Bir sözlə, əvvəl müsəlman ölkələri, sonra xristian dövlətləri gələcək”.
Nurlan Cəfəri













