Paşinyan Gümrüdə hakimiyyəti ələ keçirmək üçün PLAN CIZIR
Ermənistanda Gümrü şəhərinin idarəçiliyində üstünlük qazanmaq istəyən hakimiyyət həm Martun Qriqoryanın, həm də Vardan Qukasyanın komandalarına təzyiqləri artırır.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşrinin yerli mənbələrin iddiasına görə, Qukasyanın komandasında yer alan iki nəfərə qarşı yaxın günlərdə cinayət işi açılması gözlənilir. Əgər onlar hakim Vətəndaş Müqaviləsi Partiyasının (VMP) tərəfinə keçməkdən imtina etsələr, onların həbsi ilə Gümrü şəhərində hakimiyyətin ələ keçirilməsi planlaşdırılır. Hədəfə alınan şəxslərin adları isə açıqlanmayıb.
Bu prosesin ilk real addımı isə artıq atılıb. Aprelin 21-də Martun Qriqoryanın rəhbərlik etdiyi “Mənim şəhərim” blokunun Gümrü Şəhər Şurasındakı üzvü Karen Badalyan mandatından imtina etmək üçün şəhər merinə rəsmi ərizə təqdim edib. Mer bu ərizəni qeydə alaraq Seçki Komissiyasına göndərib.
Lakin iki gün sonra Badalyan yeni ərizə ilə çıxış edərək əvvəlki qərarını ləğv etməyi xahiş edib. O, mandatından imtina etmək istəmədiyini, Şəhər Şurasındakı fəaliyyətini davam etdirmək və “Mənim şəhərim” fraksiyasından ayrılmaq istədiyini bildirib.
Martun Qriqoryan hesab edir ki, Karen Badalyan Paşinyan hakimiyyətinin təzyiqi ilə bu addımı atıb və məqsəd Gümrü şəhərinin idarəçiliyini VMP-nin əlinə keçirməkdir. Hazırda VMP-nin Şəhər Şurasında 14 mandatı var və qərarların lehinə dəyişdirilməsi üçün cəmi 3 səsə ehtiyac duyurlar. Şura ümumilikdə 33 nəfərdən ibarətdir.
Rafi Müslümov