Bu gün Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistanın gələcəyi ilə bağlı bir neçə bəyanat verib. Yerli mediada yayılan məlumatlara görə, Ermənistan hökuməti Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı planlaşdırmır əvəzində isə Avropa İttifaqına üzvlük ehtimalı gözdən keçirilir.
Yenicag.az-la söhbətində Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, Ermənistan özbaşına addım atmır və Fransanın diktəsini yerinə yetirir:
“Ermənistanın Avropa İttifaqına üzvlüyü məsələsi, ilk növbədə, düşünürəm ki, Fransanın təklifidir. Çünki, bu və ya digər şəkildə Fransa çalışır ki, regionda öz mövqeyini möhkəmləndirsin. Bunun üçün də həmişəki kimi Ermənistandan istifadə etməyə çalışır.
Məlumdur ki, Azərbaycan öz daxili və xarici siyasətində müstəqildir və Avropa Birliyinə müraciətlə bağlı ona hər hansı bir müraciət daxil olmur çünki, onların diktə etdiyi şərtlərlə bu mümkün deyil. Digər məsələ isə Gürcüstanla bağlı idi. Son hadisələr göstərdi ki, Gürcüstanda da onların ideyası fiaskoya uğradı. Artıq Cənubi Qafqazda öz yerlərini bu və ya digər şəkildə bərqərar etmək üçün Fransa məhz Avropa İttifaqı kartından istifadə edir”.
“Məlumdur ki, Ermənistanın bu gün məhz Türkiyə ilə, eyni zamanda, İranla sərhədi olması, daxili və xarici siyasətinin müstəqil olmaması buna imkan vermir ki, onlar Avropa İttifaqına namizədlik hüququndan istifadə etsin. Burada əsas məsələ odur ki, Rusiya birmənalı şəkildə başa düşür ki, qarşıya qoyulan məqsəd Rusiyanı Ermənistandan və ümumiyyətlə, regiondan sıxışdırıb çıxarmaqdır. Buna görə də Avrasiya İqtisadi İttifaqı təşkilatında üzv olmaq məsələsi, eyni zamanda, İrəvanın KTMT-yə üzv olması birmənalı şəkildə Rusiya tərəfindən bəyanat kimi səsləndirildi və bunun mümkünsüzlüyünü bildirdilər. Sadəcə olaraq, Avropa İttifaqı çalışır ki, “Şengen vizası” məsələsini tətbiq etməklə müəyyən qədər belə bir siyasət yürütsünlər və Ermənistan vətəndaşlarını Avropaya cəlb etsinlər. Bu gün artıq Paşinyanın keçirdiyi hökumət iclasında da bunun mümkünsüzlüyünü qeyd etsələr də, əsas məqsəd kimi onlar məhz Rusiyaya qarşı atılan addımları qabardırlar. Əsas məqsəd bundan ibarətdir ki, Avropa İttifaqına daxil olan dövlətlərin, demək olar, heç 99%-i Ermənistanın orda üzv olmasını istəmirlər. Sadəcə olaraq, bu bir regional siyasətdir və ciddi cəhdlə çalışırlar ki, Ermənistanı diktə etməklə öz məqsədlərini həyata keçirsinlər” – deyə o, əlavə edib.
Hüquqşunas Xəyal Bəşirov isə Ermənistanın çıxılmaz durumda qaldığını və bir-birinə zidd olan təşkilatlarda üzv olma ehtimalının onlar üçün hər iki təşkilatdan qovulma riski olduğunu bildirib:
“Ermənistan tərəfinin atdığı bu addım Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra yürütdüyü siyasət ikiüzlü siyasət olduğu görünür. Bəzən rəsmi Moskva ilə, bəzən də Qərblə münasibətlərini balanslı şəkildə saxlamağa çalışır, amma heç də buna uğurlu balanslı siyasət demək olmaz. Ona görə ki, Qərblə olan münasibətlərində də ciddi problemlər olduğunun şahidi olmuşuq və eyni zamanda, İrəvan Rusiya ilə də problemlər yaşayır. Çünki bu yaxınlarda onların mövqeyi belə oldu ki, əgər Ermənistan Avrasiya İqtisadi İttifaqına və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına təşkilatına üzvdürsə, NATO-a üzv ola bilməz. Yəni İrəvan iki bir-birinə zidd olan təşkilatda təmsil oluna bilməz”.
X. Bəşirov düşünür ki, Ermənistan bu gün odla su arasında qalıb:
“Bu da onların yürütdüyü siyasətin məntiqi nəticəsidir. Ermənistan hər bir halda Qərbyönümlü siyasət yürütməyə çalışır. Ermənistanın Baş naziri çalışır ki, Qərblə münasibətləri yaxşılaşdırsın. KTMT-nin Paşinyanla bağlı mövqeyi bəllidir. Onlar Ermənistanın təşkilata üzvlüyünü dondurublar. Əslində, həmin təşkilatın üzvlüyündə belə bir bənd yoxdur ki, həmin bəndə əsaslanıb üzvlük dondurulsun, amma Paşinyan həm Rusiya ilə, həm də hər iki təşkilatla münasibətlərini mümkün qədər zəiflətməyə və Qərbyönümlü siyasət yürütməyə çalışır. Lakin hələ ki, Qərbdən Paşinyana maddi və digər dəstəklər olsa da, real olaraq münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı Qərbin təhlükəsizlik çətirinin altına girməsi ehtimalı yoxdur. Hətta olsa belə, coğrafi baxımdan Ermənistan Avropadan xeyli uzaqda yerləşir və daha çox Rusiyaya meyllənir. Təbii ki, Rusiyanın Ukrayna və digər problemləri bu gün Ermənistanla bağlı problemləri ucbatından müəyyən mənada bunun aktuallığı real görünmür”.
Nurlan Cəfəri
www.yenicag.az