“Gözlənilən ondan ibarətdir ki, Tramp administrasiyasının Ermənistanla bağlı siyasəti eyni olmayacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputat Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-yə mümkün səfərinin pərdəarxası məqamlarına toxunub.
Onun sözlərinə görə, səfərin əsas məqsədi ABŞ-nin yeni administrasiyasının Ermənistanla hansı dərəcədə əməkdaşlığını öyrənməkdir:
“Ermənistan çox ciddi şəkildə narahatdır. İrəvan düşünür ki, ola bilsin, yeni administrasiyanın Ermənistanla bağlı mövqeyi fərqli olsun. Əslində, Ermənistan özünü sığortalamaq üçün bu dövrdə və bu müddətdə bir sıra addımlar atmağa çalışdı, ABŞ ilə strateji tərəfdaşlıq haqqında sənədi imzaladı. Hazırda isə Amerikaya çağırış edir ki, bu əməkdaşlığı daha da gücləndirsin. Gözlənilən ondan ibarətdir ki, Tramp administrasiyasının Ermənistanla bağlı siyasəti eyni olmayacaq. Buna görə də Ermənistan indidən çox narahatdır. Ermənistan rəsmiləri tez-tez ölkələrinin həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında olmanın mümkünlüyündən danışırlar. Bu, əslində, qeyri-mümkün məsələdir. Ona görə ki, bu hər iki qurum bir-birinə ziddir”.
Deputat hesab edir ki, Ermənistan bölgədə sakitliyi pozmağa çalışır və bunu məqsədli şəkildə edir:
“Bundan əlavə, Ermənistan tərəfi bilir ki, bir müddətdən sonra, yəni Rusiya-Ukrayna müharibəsində bir dəyişiklik olarsa, hər hansı yenilik baş verərsə, Rusiya daha çox Ermənistana diqqət ayıracaq və Ermənistanı cəzalandıracaq. Ona görə də bu narahatlıq özünü açıq şəkildə göstərir. Ermənistan da özünü indidən sığortalamağa çalışır. Rusiya da bir tərəfdən Ermənistana təzyiqləri artırır. Belarus prezidenti də bu sözü (red – Paşinyanla zarafatları) ona elə belə demir, ona bunu dedirdirlər. Ermənistan bölgədə təhlükəli oyunlarla məşğuldur. Gələcəkdə bölgəmizdə Ermənistanın atdığı addımlar səbəbindən gərginliyin və qarşıdurmanın artacağı ehtimalı yüksəkdir”.
Nurlan Cəfəri
www.yenicag.az