Paşinyan partiya iclaslarını KEÇİRMİR – Aİ və Rusiya isə təzyiqləri ARTIRIR
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyası artıq iki həftədir İdarə Heyətinin iclaslarını keçirmir. Adətən, hər çərşənbə axşamı baş tutan iclaslardan sonra partiyanın və Baş nazir Nikol Paşinyanın sosial şəbəkə hesablarında görüntülər və məlumatlar yayımlanırdı, lakin son iki həftədə bu ənənə pozulub.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Partiya daxilində yayılan qeyri-rəsmi məlumata görə, iclasların keçirilməməsinin səbəbi idarə heyətində kvorumun olmamasıdır. Bildirilir ki, üzvlərin əksəriyyəti ölkədən kənarda ezamiyyətdədir və buna görə də iclaslar təxirə salınıb.
Bununla yanaşı, bəzi mənbələr qeyd edir ki, Nikol Paşinyan hələlik komanda ilə müzakirə edəcəyi konkret bir məsələ müəyyən etməyib. Bu vəziyyətin əsas səbəbi kimi isə 9 May – İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş Moskvadakı tədbirlərdə iştirakla bağlı qərarsızlıq göstərilir.
Məlumata görə, Qərb Paşinyanı bu tədbirə qatılacağı təqdirdə sanksiyalarla hədələyir. Eyni zamanda, Rusiya Ermənistana təzyiqləri artırıb. Moskva artıq İrəvanın tədbirdə iştirakını təsdiqləyib və Azərbaycan nümunəsində olduğu kimi, Ermənistan ordusunun da hərbi birliyinin parada qatılmasını gözlədiyini bəyan edib.
Hazırda Nikol Paşinyan Qərb və Rusiya arasında seçim etmək məcburiyyəti ilə üz-üzə qalıb. Baş nazirin hansı qərarı verəcəyi isə hələlik bilinmir.
Rafi Müslümov