Paşinyan təcriddən qurtulmaq İSTƏYİR – Bakı İrəvandan nə TƏLƏB EDİR?
“Ermənistan da vəziyyəti anlayır və dərk edir. Bilir ki, sülh müqaviləsi tez bir zamanda imzalanmalı, təcrid olunmuş vəziyyətdən çıxmaq üçün hava-su kimi lazım olan Zəngəzur dəhlizi fəaliyyətə başlamalıdır”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
O, son günlər beynəlxalq müstəvidə aktuallığı ilə gündəmə gələn Zəngəzur dəhlizi layihəsinin reallaşması perspektivlərindən danışıb.
Deputat bildirib ki, torpaqlarını işğaldan azad, suverenliyini hər bir qarışında təmin edən Azərbaycanın yaxın gələcək üçün hədəflərindən biri də beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin reallaşmasıdır:
“Bütün beynəlxalq platformalarda Zəngəzur dəhlizinin iqtisadi, siyasi və mədəni faydalarından danışılıb. Son günlər isə qarşı tərəf, yəni Ermənistandan da bu istiqamətdə konstruktiv addımların atılacağına dair əlamətlər var. Ən azından Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri və burada sülhə dair bir sıra məsələlərin müzakirəsi bunu deməyə əsas verir”.
“Ötən həftə isə Azərbaycan və Ermənistan liderlərinin sülh üçün Əbu-Dabi görüşü dünya mediasının gündəminə çevrildi. Burada Ermənistan Konstitusiyasına dəyişiklik, arxivə qarışan ATƏT-in Minsk qrupunun ləğvi, delimitasiya və demarkasiya, həmçinin Zəngəzur dəhlizi məsələsi müzakirə mövzusu olub”, – deyə o, əlavə edib.
Onun fikrincə, Zəngəzur dəhlizi yalnız ölkəmiz və regionumuz üçün yox, həm də beynəlxalq əhəmiyyətli layihədir:
“Azərbaycan yalnız özünün yox, eyni zamanda Cənubi Qafqazın inkişafı üçün çağırışlar edir. Artıq Ermənistan da vəziyyəti anlayır və dərk edir. Bilir ki, sülh müqaviləsi tez bir zamanda imzalanmalı, təcrid olunmuş vəziyyətdən çıxmaq üçün hava-su kimi lazım olan Zəngəzur dəhlizi fəaliyyətə başlamalıdır”.
Nəsimi Ələsgərli