Paşinyana TƏZYİQLƏR BÖYÜYÜR – Estoniyaya buna görə GEDİBMİŞ
Ermənistan Baş naziri Nikol Paşinyan Estoniyaya rəsmi səfəri çərçivəsində Qərbin ona qarşı münasibətini yumşaltmağa çalışır ki, yaxın günlərdə Moskvaya planlaşdırılan səfəri mümkün olsun.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşrinin məlumatına görə, Qərb açıq şəkildə Paşinyana ultimatum verərək bildirib ki, 9 May – Qələbə Paradına Moskva səfəri qəbuledilməzdir. Ona həmçinin aydın mesaj çatdırılıb ki, Ermənistan-Rusiya münasibətlərinin istiləşməsi Avropa üçün məqbul deyil.
Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bir neçə həftə əvvəl bəyan edib ki, Aİ-yə namizəd ölkələr Moskvanın paradında iştirak etməməlidirlər. Latviya xarici işlər naziri Baiba Braje isə bu tələbləri pozanlara qarşı sanksiyaların tətbiq olunacağını istisna etməyib.
Qeyd edək ki, Ermənistan hələ rəsmi olaraq Aİ-yə namizəd statusu əldə etməyib. Lakin Ermənistan parlamenti Avropa İttifaqına üzvlük prosesinə başlamaq barədə qanun layihəsini artıq qəbul edib. Kaya Kallas estoniyalıdır və daha əvvəl Estoniyanın baş naziri olub.
İddialara görə, Paşinyan Moskvaya getməzdən əvvəl Qərbə sədaqətini nümayiş etdirmək və Rusiyadan gözlənilən təzyiqlərin qarşısını almaq üçün Estoniyaya xüsusi səfər edib. O, səfəri zamanı Tallində kommunizmin qurbanlarının xatirəsini də yad edib. Xatırladaq ki, 1949-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə 22 min estoniyalı Krasnoyarsk, Novosibirsk, İrkutsk və Omsk vilayətlərinə sürgün edilmişdi.
Rafi Müslümov