Pensiya artımı fonunda müavinətlər də artacaqmı? – Deputatdan AÇIQLAMA
Yanvar ayından etibarən əmək pensiyalarının artırılması əhalinin sosial rifahı baxımından mühüm addım kimi qiymətləndirilir. Lakin pensiya artımı fonunda sosial müavinətlərin də yüksəldilib-yüksəldilməyəcəyi ictimaiyyət arasında sual doğurur. Xüsusilə aztəminatlı ailələr, əlilliyi olan şəxslər və digər sosial dəstək alan vətəndaşlar bu məsələdə aydınlıq gözləyir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, hazırda sosial müavinətlərin artırılması ilə bağlı hər hansı rəsmi qərar mövcud deyil.

Deputatın sözlərinə görə, Milli Məclis hazırda tətil dövründədir və bu məsələ hələ müzakirə olunmayıb:
“Hələ ki sosial müavinətlərin artımı ilə bağlı heç bir rəsmi qərar yoxdur. Bildiyiniz kimi, hazırda Milli Məclis tətildədir. Tətildən geri döndükdən sonra ayrı-ayrılıqda komitə iclasları keçiriləcək. Artımla bağlı hər hansı bir fikir olarsa, bu, müzakirələr zamanı gündəmə gələ bilər. Hələlik isə bu istiqamətdə konkret fikir yoxdur”, – deyə deputat qeyd edib.
Qeyd edək ki, son dövrlər qiymət artımları və inflyasiya fonunda sosial müavinətlərin də artırılması cəmiyyətdə gözləntiləri daha da gücləndirib. Pensiya artımı ilə yanaşı sosial ödənişlərdə də dəyişikliklər olmasa, bu, aztəminatlı təbəqənin xərclərini qarşılamaq baxımından yetərli olmaya bilər.
Samir Məcid












