Pentaqon işçiləri qorxu altında İŞLƏYİRLƏR – Müdafiə nazirinin istefası GÜNDƏMDƏ
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) əməkdaşları son günlərdə artan daxili təzyiqlər səbəbindən qorxu içində işləyirlər. Onlar mediaya məxfi məlumatların ötürülməsi şübhəsinə görə yalan detektoru ilə yoxlanılacaqlarından ehtiyat edirlər.
Yenicag.az xəbər verir ki, bu barədə “The Times” nəşrinə adının açıqlanmasını istəməyən mənbələr məlumat verib.
ABŞ Müdafiə Nazirliyindəki mənbənin bildirdiyinə görə, əməkdaşlara yalan detektoru ilə yoxlanıla biləcəklərinə dair göndərilən xəbərdarlıq məktubu qurum daxilində qorxu atmosferi yaradıb.
Qeyd olunur ki, son bir həftədə yüksək vəzifəli bir neçə məmurun vəzifədən azad olunması Pentaqonda qeyri-müəyyənlik yaradıb. Nəticədə, müdafiə naziri Pit Heqset əsas müşavirlərindən məhrum olub. Mənbənin sözlərinə görə, bu dəfə yalan detektoru yoxlamalarının məqsədi Trampa qarşı olan əməkdaşları deyil, məxfi və ya gizli məlumatların ötürülməsində şübhəli bilinən siyasi təyinatlı şəxsləri üzə çıxarmaqdır.
Bundan əlavə, Pentaqonda Daxili Təhlükəsizlik Nazirliyinin təcrübəsinin təkrarlanmasından narahatlıq var. Həmin nazirlikdə bəzi məmurlara öz telefonlarını təhvil verərək siyasi loyallıq və sosial şəbəkə aktivliklərinə görə yoxlanışdan keçmək tapşırılıb.
“Pentaqon məmurları hər gün işdən çıxarılmaq qorxusu ilə yaşayırlar. Bu vəziyyət bütün diqqəti yayındırır. Heqsetin uzun müddət vəzifədə qalması məni təəccübləndirər”, – deyə mənbə bildirib.
Qeyd edək ki, ABŞ mətbuatı Prezident Administrasiyasının müdafiə naziri vəzifəsinə yeni namizəd axtarışına başladığını yazıb. Səbəb isə Pit Heqsetin yaxınlarına “Signal” messenceri üzərindən məxfi hərbi məlumatların ötürülməsi ilə bağlı qalmaqaldır. Bununla belə, Donald Trampın administrasiyası Pentaqona yeni rəhbər axtarışında olduqları iddialarını təkzib edib. Tramp özü isə Heqsetin fəaliyyətindən razı olduğunu bildirib.