!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzinin Açılış Mərasimi keçirildi

!Reklam – Yazi

IMG_9797

Bu gün “Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzinin açılış mərasimini keçirdi.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Azadinform İnformasiya Agentliyinin direktoru Niyaz Niftiyev, Yenicag.az Analitik Qəzetinin baş redaktoru Aqil Ələsgər, Azərbaycan Slavyan Gəncləri Assosasiyasının sədri, internet eksperti Səbuhi Mübarizoğlu İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, gənc alim Cavid İsmayıloğlu və digər tanınmış şəxslər iştirak edirdilər.

IMG_9809Tədbiri giriş sözü ilə açan ictimai birliyin sədri Anar Yusifzadə bildirdi ki, bu cür layihələrə ehtiyac var: “Media cəmiyyətdə mövcud olan müxtəlif fikirli, dünyagörüşlü insanların səsi, fərqli düşüncələrin tribunası olmaqla, hər bir cəmiyyətin aynası rolunu oynayır. Demokratik dəyərlər, mütərrəqqi ənənələr və hüquqi prinsiplərlə idarə olunan Azərbaycan cəmiyyətini də mediasız təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, ölkəmizdə azad və müstəqil mətbuatın ən böyük dəstəkçisi və himayədarı Azərbaycan dövləti və hökumətidir.

IMG_9805Bu mənada cəmiyyətdə cərəyan edən proseslərin, hadisələrin mediada obyektiv və qərəzsiz əks olunmasında peşəkarlıq amili mühüm rol oynayır. Son illər isə sürətlə inkişaf edən Azərbaycan mediasında gənc KİV işçilərinin sayı nəzərəçarpaçaq dərəcədə artmaqdadır. Şübhəsiz ki, sürətlə gəncləşən jurnalistikada peşəkarlıq faktoru ciddi şəkildə önə çıxır. Bu gün mediaya üz tutan gənc jurnalistlər arasında başqa ixtisas sahələrini bitirmiş şəxslərin sayı xüsusi çəkiyə malikdir. Belə gənc KİV işçilərinin bəzən jurnalistika ixtisası üzrə elementar nəzəri biliklərə belə sahib olmadığı da bir həqiqətdir.  Jurnalistikanın nəzəriyyəsindən məlumatsız olan gənc KİV işçisinin isə hazırladığı materiallarda obyektivlik və tərəfsizlik prinsiplərini, etik normaları, və peşəkarlıq meyarlarını qoruması xeyli çətinləşir”.

A.Yusifzadə bu sahədə müsbət dəyişiklik üçün “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi ideyasını gerçəkləşdirdiklərini və bu sahədə nəzəri biliklərlə yanaşı praktikaya da önəm verdiklərini vurğuladı: “Jurnalistika fakültəsini bitirənlər iş üçün müraciət etdikdə onlarla çalışmaq çətin olur. Çünki nəzəri biliklər kifayət etmir. Layihə çərçivəsində iştirakçıları zala toplayıb iki nəfərin çıxışı ilə kifayətlənməyəcəyik. İştirakçıları bir sıra media qurumlarına aparacağıq”.

Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu çıxışında dedi ki, qlobal dünyada Azərbaycan jurnalistikasını özünə qapanmış təsvir etmək mümkün deyil: “Mən 80-ci illərdə Moskvada təhsil almışam. Sonra gəlib “Ədəbiyyat” qəzetində işləməyə başlamışam. O dövrün tələbləri başqa idi. Jurnalist cameəsinə daxil olmaq üçün qəzetdə ən kiçik işlərdən başlamaq lazım idi. Amma indi bəziləri işə redaktor kimi başlayırlar. Bəzi reallıqlar jurnalistikamızı gözdən salır”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə “peşə prinsipləri, yoxsa vətənpərvərlik?” sualına cavabında dedi ki, Azərbaycan kimi ölkələrdə bu sual tez-tez verilir. Çünki ölkəmiz müharibə şəraitindədir və 1 milyondan artıq qaçqınımızın olmağı hər bir vətəndaşın problemidir: “Jurnalist bu iki xətti paralel aparmağı bacarmalıdır. Vətənpərvərliyimizin motivində ədalət var. Milli maraqlarımız həm də ədalətin yanında olmağımızla bağlıdır. Təəssüf ki, bəzi media qurumları cəbhə xəttində baş verənlər üzərindən İP qazanmağa çalışırlar. Belə məsələlər ətrafında şou yaratmaq vicdansızlıqdır, insanların hisləri ilə oynamaq olmaz”.

IMG_9812“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də belə layihələrin nəticəsinin həm jurnalistlər, həm də cəmiyyət üçün faydalı olduğunu düşünür: “Peşəkar jurnalistlərimiz təcrübələrini gənclərlə bölüşməyi vətəndaşlıq borcu sayırlar. Bəzən deyirlər ki, mətbuatı tənzimləmək olmaz. Bu, ziyanlı yanaşmadır. Bəzən də deyirlər ki, məhdudlaşma olmalıdır. Bu da, ziyanlı yanaşmadır. Sadəcə, virtual məkanda fəaliyyəti  tənzimləyən qanunlar qəbul olunmalıdır”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyevin fikrincə, layihə böyük əhəmiyyət daşıyır. Çünki bu məsələ neçə ildir ki, müzakirə mövzusudur: “Nəzəri bilikdən praktikaya keçiddə problem olur. Belə layihələrlə gənclərə dəstək verilir. Onlar iş prinsipləri ilə tanış olacaqlar. Xəbərin necə hazırlanmasını, yazıların necə yazılmasını öyrənəcəklər. Bununla da, nə cəmiyyətə, nə də özlərinə problem yaratmayacaqlar”.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev isə fond haqqında deyilən xoş sözlərə görə təşəkkür etdi və hər kəslə əməkdaşlıq etməyə hazır olduqlarını bildirdi.

IMG_9820Onu da qeyd edək ki, seminar 5 gün davam edəcək və iştirakçılar ölkənin aparıcı media qurumlarına aparılaraq, iş prosesi ilə tanış olacaqlar.

 

COP29

www.yenicag.az

809
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv