Pezeşkian Şərifə Pakistanla həmrəy olduqlarını bildirdi
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Çin Xalq Respublikasının Tiancin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti çərçivəsində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.
Yenicag.az xəbər verir ki, görüşdə baş nazir Pakistanın qonşu İranla tarixi və qardaşlıq münasibətlərinə sarsılmaz bağlılığını vurğulayıb.
O, iki ölkə arasındakı əlaqələrin ortaq tarix, mədəni irs və dini dəyərlər üzərində qurulduğunu bildirib.
Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın vəziyyətini nəzərdən keçirib və münasibətlərin müsbət inkişaf tempindən məmnunluq ifadə ediblər.
Prezident Pezeşkian Pakistanın ardıcıl dəstəyini yüksək qiymətləndirib və Tehranın qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı genişləndirməyə sadiq olduğunu deyib.
Şahbaz Şərif İran Prezidentinin 2025-ci ilin avqustunda Pakistana səfərinin əlaqələrin daha da güclənməsində mühüm rol oynadığını qeyd edib.
Pezeşkiyan isə Pakistanda davam edən daşqınlarda insan tələfatı və dağıntılarla bağlı dərin hüznünü ifadə edib, İran xalqı və hökumətinin bu ağır dönəmdə Pakistanla həmrəy olduğunu bildirib.