Pezeşkianın Azərbaycan SƏFƏRİ – Tehran artıq Bakı ilə münasibətlərini NORMALLAŞDIRIR

media-hightechnic-468x90

 

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri təkcə diplomatik təmas deyildi. Bu, həm də illərin gərginliyindən sonra baş verən səmimi və strateji dönüş idi. İranlı liderin Bakıya səfəri zamanı Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etməsi, Prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycan-İran münasibətlərindən danışması, Şəhriyarın “Heydərbabaya salam” şeirindən bir neçə misranı söyləməsi sadəcə jest deyildi, əksinə, Tehran üçün dəyişən siyasi iradənin və Bakıya yönələn strateji baxışın göstəricisi idi.

“Türkün dili ilə danışmaq” İranın bu dəfə daha həssas, daha anlayışlı və real siyasətə söykənən yanaşmasının təzahürüdür. Prezident Pezeşkianın ustad Məhəmmədhüseyn Şəhriyardan “Heydərbabaya salam” şeirini söyləməsi təkcə mədəni rəmz deyildi, bu, Bakıya verilən aydın mesaj idi: “Biz sizi özümüzə yaxın, doğma və etibarlı tərəfdaş görürük”.

Bu səfər, eyni zamanda, göstərdi ki, Tehran üçün Bakı təkcə sərhəd qonşusu deyil, həm də regional sabitliyin və inkişafın aparıcı oyunçusudur. Rəsmi İran artıq Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığı qəbul edir və ona uyğun davranmaq zərurətini anlayır.

2020-ci il Vətən müharibəsindən sonra Cənubi Qafqazın siyasi xəritəsi dəyişdi. Azərbaycan öz torpaqlarını azad etdi, regionun geosiyasi mərkəzinə çevrildi və strateji təşəbbüsləri ilə bölgənin yeni oyun qaydalarını formalaşdırdı. Bu dəyişikliklər fonunda İran əvvəlcə ehtiyatlı və zaman-zaman ziddiyyətli mövqe sərgiləsə də, zaman keçdikcə aydın oldu ki, Azərbaycanın yaratdığı nizam qarşısında maneə olmaq deyil, onunla əməkdaşlıq etmək daha rasional seçimdir.

Bu məntiqlə İran 3+3 əməkdaşlıq formatına qoşuldu. Region ölkələrinin birgə qərar verdiyi bu modeldə Tehran tərəfdaşlıq üçün yeni imkanlar axtarır. İran üçün bu format yalnız regional diplomatiya deyil, həm də Cənubi Qafqazda sabitliyin tərkib hissəsi olmaq anlamı daşıyır. Pezeşkianın səfəri ilə İran diplomatiyası bir növ keçmişdəki tərəddüdlərinə nöqtə qoydu. Bu səfərlə Tehran bir daha nümayiş etdirdi ki, Azərbaycanla münasibətləri ziddiyyət üzərindən deyil, ortaq maraqlar və dərin tarixi bağlar üzərindən inkişaf etdirmək niyyətindədir.

Azərbaycan tərəfi də İranın bu yeni yanaşmasına səmimiyyətlə cavab verir. Bakı üçün Tehranla mehriban qonşuluq münasibətləri ideoloji deyil, real təhlükəsizlik və iqtisadi maraqlara əsaslanır. Bu münasibətlər hər iki ölkə üçün mühüm tranzit imkanları, ticarət əlaqələrinin genişlənməsi və geoiqtisadi layihələrdə birgə iştirak perspektivi yaradır. İran Prezidentinin Azərbaycan səfəri göstərdi ki, artıq Cənubi Qafqazda köhnə ritorikalarla danışmaq mümkün deyil. Siyasətin dilini şeirə çevirən Pezeşkian Azərbaycanın regiondakı rolunu qəbul edən İran və konstruktiv əməkdaşlıq üçün açıq olan Bakı – bütün bunlar yeni mərhələnin başlanğıcıdır.

Bu mərhələdə Azərbaycan təkcə müstəqil siyasət yürüdən ölkələr üçün deyil, həm də regional güclər üçün etibarlı tərəfdaş modelidir. İranın da bu etibarlı modelə daxil olması bölgə üçün sabitlik, inkişaf və gələcək üçün ümid vəd edir.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600