“Xanım heç vaxt sosial şəbəkələrdən istifadə etməyib. Yoldaşı çox qısqanc idi deyə onun telefonunda “Youtube” proqramından başqa heç bir proqram olmayıb. Oğlu məktəbə başlayandan onların problemləri daha da artıb. İsmayıl Xanımın “WhatsApp” belə işlətməsinə icazə vermirdi. Oğlunun valideynlər qrupuna da İsmayıl öz nömrəsini əlavə etmişdi ki, kim nə yazsa hamısını bilsin. 10 gün deyildi uşağı məktəbə aparırdı, artıq neçə dəfə Xanımla mübahisə etmişdi. İsmayıl işdə olanda valideynlər qrupundan bir valideyn Xanımdan digərinin nömrəsini istəyib. O da o mesajı oxuyub, əsəbiləşib ki, səndə onların nömrəsi hardandır ki, kimsə də səndən istəyir?!”.
Bu sözləri Oxu.Az-a açıqlamasında sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirdiyi həyat yoldaşı Xanım Məmmədovanın bibisi Gülər Yolçuyeva deyib.
Onun sözlərinə görə, İsmayıl Məmmədov X.Məmmədovaya küçəyə tək çıxmağa icazə vermirmiş:
“Uşaq məktəbə getdiyi üçün məcbur aparıb-gətirirdi. Məktəblə evin arasındakı məsafəni təxminən hesablayıb Xanıma vaxt qoymuşdu ki, tez gedib uşağı qoyub qayıdırsan evə. Evdən çıxanda da, evə qayıdanda da İsmayıla məlumat verməli idi. Biz oğlanı pisləmirik, bunu onun bacıları da, anası da bilir ki, xasiyyəti xasiyyət deyildi. Qətl günündən bir gün əvvəl “WhatsApp”da valideynlər qrupunda uşaqlardan birinin anasının Xanımdan nömrə istəməsi onu qəzəbləndirib. Xanım danışırdı ki, işdən evə gəlib, qapını açan kimi ayaqqabılarını da çıxarmamış qızın saçlarından yapışıb. Başını divardan-divara vurub, sürüyüb. Başına təpiklə zərbələr vurub. Birdən telefonuna zəng gəlib, çıxıb işə qayıdıb. Bəlkə də zəng gəlməsəydi döyüb pis günə salacaqdı. Ev telefonunu, Xanımın telefon nömrəsini sındırıb, qapını da bağlayıb çıxdıqdan sonra, Xanım evdəki açarla qapını açıb, uşaqları da götürüb bizə gəldi”.
G.Yolçuyeva deyir ki, X.Məmmədovanın ölümündən sonra yayılan və döyüldüyünü özündə əks etdirən şəkilləri o çəkib:
“Bizə gələndə gördüm ki, döyülüb. Saçı, başı nə vəziyyətdə idi. O qədər döymüşdü ki, bədəni ağrıyırdı. Mən Xanımı qucaqlaya bilmədim, dedi bibi, ağrıyıram, əl vurma. Ekspertizaya getmək istəyirdi, dedi daha dözə bilmirəm. Polisə şikayət edəcəm dedi. Mən təəccübləndim ki, polis nədir? Bizim nəsildə belə şey olmayıb ki, arvad ərini polisə versin, təəccübləndim. Dedi “bibi yox, daha həyatımdan bezdiriblər, dözə bilmirəm”. Atasına, anasına yazdı. Onlar da mənim kimi polisə şikayət verməsinə razı olmadılar. Anasından küsdü ki, onun qərarın dəstəkləmirlər. Fikrində durdu, 102-yə yığdı. Biz düşündük ki, yönləndirərlər Biləcəri Polis Şöbəsinə, gəlib evdə izahatını alarlar. Onlar isə dedi ki, prosedur qaydası var, sabah saat 9-a qədər gəlin Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə. Deyilən vaxtda getdik, təhqiqatçının otağına yönləndirdilər. Xanım şikayət ərizəsini yazdı, yoldaşının da polis olduğunu dedi. Təhqiqatçı da İsmayıl Məmmədovun nömrəsini istədi, biz verdik. O da zəng elədi. Biz də xahiş etdik ki, gəlməsin, qarşılaşmayaq. Biz qorxurduq ki, uşaqları götürər, zorbalıq edər. Təhqiqatçı da dedi ki, onu başqa otaqda dindirəcəm, narahat olmayın. Üç-beş dəqiqə təhqiqatçı otaqdan çıxdı sonra yenidən otağa qayıtdı. Biz də otaqda gözləyirik ki, o çıxsın getsin, biz də çıxaq gedək. Bəlkə də yolda, taksiyə minəndə də vuracaqdı, nə bilim. Təhqiqatçı otaqda masasının arxasında, Xanım oturub qarşısında, mən də uşaqlarla qapının yanında oturmuşam. Birdən qapı açıldı, İsmayıl girdi otağa, təhqiqatçı dedi ki, otaqdan çölə çıx. Təhqiqatçı onu içəri dəvət eləmədi. Çöldə də onu içəri buraxmayıblar yəqin, deyib ki, uşaqları görüm, öpüm çıxıram. Vaqif mənim yanımda idi, əyildi onu öpdü. Sonra qızına – Yağmura tərəf uzandı, amma öpdü-öpmədi bilmədim. Tez divara çəkildi, silahı hazırlamadı, atışa hazır vəziyyətdə idi. Fasiləsiz atəş açmağa başladı. Təhqiqatçı cəld gəlib silahı İsmayılın əlindən almağa çalışdı, amma barmağını tətikdən çəkə bilmədi. Otaq elə bil gülləbaran oldu. 15 gilizin hamısını boşaldı, yeddisi Xanıma dəydi. Bilmədim, bəlkə təhqiqatçı olmasaydı, onu saxlamasaydı, o biri polislər gəlməsəydi bizi də güllələyərdi, bilmirəm”.
G.Yolçuyeva deyir ki, güllə səsi dayanandan sonra X.Məmmədovaya tərəf çevriləndə onun masa ilə stul arasında yerdə uzandığını görüb və elə bilib ki, güllədən gizlənir:
“Həmin an mən bilmədim ki, Xanım Məmmədovaya güllə dəyib. Elə bildim ki, özü yıxılıb stolun altına. Birdən təcili yardım çağırdılar, mən narahat oldum. Uşaqlara baxdım ki, görüm kimə nə olub. Polislər mənim qarşımda canlı sədd qurdular və o tərəfi görmədim. Xanımı necə apardıqlarını tam görə bilmədim, polislərin arasından gördüm ki, yerə qan damcıları düşür. Onda artıq qışqırdım ki, nə olub ona. Elə bildim əlinə-ayağına dəyər yəqin, ağlıma gəlmədi ki ölüb. Mənə axşama qədər heç kim heç nə demədi. Xanımın xalası gəlib uşaqları götürüb apardı, məni də prokurorluğa apardılar. Mən bu hadisənin şokundan çıxa bilmirəm. Bütün bir ailəni bədbəxt elədi, bizim də , özlərinin də, bu körpə uşaqların da həyatını məhv elədi. Biz istəyirik ki, qatil layiq olduğu cəzasını alsın”.
Qeyd edək ki, Xanım Məmmədova sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı xidməti silahla qətlə yetirilib. İ.Məmmədov işdən çıxarılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib.
www.yenicag.az