“Könül xanım üstündən bir il keçəndən sonra bu məsələni niyə gündəmə gətirib, hələ də anlaya bilmirəm…”
Bunu bir il öncə ARB-də yayımlanan “Həmin Zaur” (“Səni deyirlər” rubrikası) verilişində Xalq artisti Könül Xasıyeva barəsində işlətdiyi ifadələrə görə müğənninin onu polisə verməsi xəbərinə aydınlıq gətirərkən teleaparıcı Zaur Kamal Yenicag.az-a açıqlamasında deyib.
Z.Kamal polisə çağırıldığını təsdiqləyib və baş verən hadisəyə belə aydınlıq gətirib:
“Könül xanımla bu söhbət bir il əvvəl olub. O, Bakupost.az-a müsahibəsi zamanı vaxtilə Bakıda tək qalmamaq üçün anasını öz yanına, evinə gətirdiyini və bu səbəbdən valideynlərinin ayrıldığını demişdi. Mən də “Həmin Zaur verilişində “Səni deyirlər” rubrikasında bu sualı ona ünvanladım və dedim ki, Könül xanım belə deyirlər, bu, doğrudur? O həmin vaxt məndən incimədi. Amma üstündən bir il keçəndən sonra bu söhbəti niyə gündəmə gətirir, onu anlaya bilmirəm. Mən onun xətrini çox istəyirəm. Böyük sənətkardır. Veriliş efirə 10 dəqiqə keçəndən sonra verilir. Könül xanım istəsəydi, həmin vaxt o görüntünü pozdurardı. Hətta o verilişdən sonra Könül xanım iki dəfə də verilişimdə qonaq olub. Yenə də bir söz deməyib. Sonradan incikliyini bildirib. Mən hətta bir ay əvvəl onu gördüm və öpüb qucaqladım. Son hadisə zamanı da ona olan sayğımı bildirdim. Amma yenə də deyirəm, hələ də mənə bu məsələ qaranlıq qalır. Səbəbi anlamıram. 26 ildir aparıcılıq ediərm, amma belə bir hadisə ilə ilk dəfə qarşılaşmışam”.
Qeyd edək ki, aparıcı həmin efirdə K.Xasıyevanın vaxtilə Bakıda tək qalmamaq üçün anasını öz yanına, evinə gətirdiyini və bu səbəbdən valideynlərinin ayrıldığı barədə sual ünvanlayıb.
Bakupost.az-ın verdiyi məlumata əsasən, efirdən bir ildən çox vaxt keçəndən sonra K.Xasıyeva həmin ifadələri əsas götürərək Z.Kamalı polisə şikayət edib.
Bakı şəhər Baş Polis İdarəsinə etdiyi şikayət əsasında araşdırma başlayıb və Z.Kamal İdarəyə dəvət olunaraq dindirilib.
Cəvahir
www.yenicag.az