Polislərin səlahiyyətləri genişləndiriləcək
Türkiyənin baş naziri Əhməd Davudoğlu daxili təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı ölkə parlamentinə yeni qanun layihəsi təqdim edib. Sənəd polislərə daha geniş səlahiyyətlərin verilməsini, kütləvi iğtişaşlarda iştirak edənlərə qarşı isə cəzaların sərtləşdirilməsini nəzərdə tutur.
Davudoğlu parlamentdə çıxış zamanı yandırıcı maye dolu şüşə qabların – “Molotov kokteyli”nin bundan sonra hücum vasitəsi hesab olunacağını bildirib: “Yığıncaq və mitinqlər hər bir vətəndaşın demokratik hüququdur. Siz əlinizə “Molotov kokteyli”ni götürən anda mitinq bitir və zorakılıq başlayır”. Bundan əlavə, Davudoğlu aksiyalara üzü bağlı, yaxud silahla gələnlərə də nəzərdə tutulan cinayət məsuliyyətinin artırılacağını xatırladıb: “Üzü bağlı, əlində pompalı silah. Bu mitinqdir? Üzü maskalı küçəyə çıxan hər kəs potensial cinayətkar sayılacaq”. O məlumat verib ki, üzü bağlı və üzərində silah gəzdirənlər üçün nəzərdə tutulan minimum cəza müddəti 6 aydan 2,5 ilə, maksimum cəza 3 ildən 4 ilə çatdırılacaq.
Baş nazir polisin vətəndaşı 24 saat, prokurorluq orqanlarının 48 saat saxlama hüququnu verəcəklərini deyib. Bundan başqa, qanunda narkotik tacirlərinin terrorçularla eyni statusa malik olacağı nəzərə tutulub. (modern.az)