Politoloqdan Ukrayna ilə bağlı bədbin proqnoz
“Ukraynanın şərqində cari ilin yaz, yay aylarında hərbi əməliyyatların yenidən alovlanması gözləniləndir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elman Nəsirov deyib: “Bu ilin fevralında Ukraynanın şərqindəki münaqişənin tənzimlənməsilə bağlı kövrək razılaşma əldə edilsə də, hazırda cərəyan edən hadisələrin gedişatı göstərir ki, bədbin proqnozlar özünü daha çox doğrultmaqdadır.
Belə fikirlər var idi ki, yaz, yay aylarında münaqişənin intensivləşməsi və gərginliyin artması prosesi müşahidə oluna bilər. Hazırda tərəflər bir-birinə qarşı yenidən etimadsızlıq mühiti nümayiş etdirməyə başlayıb. Xüsusilə də hər iki tərəf bir-birinə qarşı ilk növbədə informasiya müharibəsi aparır və Ukrayna tərəfi atəşkəs rejiminin Rusiyanın müdafiə etdiyi separatçı qüvvələr tərəfindən pozulduğu haqda məlumatlar yayır. Eyni zamanda, Rusiya kütləvi informasiya vasitələri razılaşmanın Kiyev tərəfindən pozulduğu barədə ittihamlarla çıxış edirlər. Beləcə tərəflərin bir-birinə qarşı etimadsızlıq mühitinin artması tendensiyası bu gün diqqəti daha çox cəlb edir. Prinsip etibarı ilə Ukrayna ətrafında vəziyyət hazırda kifayət qədər mürəkkəb haldadır. Atəşkəs rejiminə demək olar ki, əməl edilmir, tez-tez pozulur. Belə olan halda görünən odur ki, münaqişənin tənzimlənməsi istiqamətində görülən işlərin elə də ciddi nəticəsi yoxdur. Beləcə Ukrayna ətrafında vəziyyət mürəkkəb olaraq qalmaqdadır. İstənilən halda iri miqyaslı hərbi əməliyyatlar baş verə bilər. Vəziyyət hər an nəzarətdən çıxa bilər. Bunun olmayacağına heç kim təminat vermir”.
ELÇİN