“Ukrayna müharibəsindən sonra Rusiyanın Polşaya hücum edəcəyi gözlənilən deyil”.
Bunu Yenicag.az-a açıqlamasında Polşanın Rusiya ilə sərhəddə hərbi texnika cəlb etməsinin NATO-Rusiya arasında yeni cəbhə açılmasının mümkün risklərindən danışan politoloq Rəfail Becanov deyib.
Onun sözlərinə görə, Polşanın Rusiya ilə sərhədə hərbi texnika yığması özünümüdafiə məqsədi daşıyır.
“Polşa Ukraynaya ən çox yardım edən Avropa ölkələri sırasındadır. Rusiya isə hələ bunu müşahidə edir. Ukraynada müharibənin nəticəsi Polşaya təsir edəcək əsas amillərdən biridir. Rusiya qələbə qazanarsa, Polşa üçün hansı çətinliklərin yaranacağını proqnozlaşdırmaq çox çətindir. Rusiyanın Ukraynanın qərbinə atdığı raketlərin səhvən Polşa ərazisinə düşməsi ehtimalı yüksəkdir. Bu da Polşa üçün ciddi təhdiddir.
Amma geniş mənada baxsaq, istər indiki durumda, istərsə də Ukrayna müharibəsindən sonra Rusiyanın Polşaya hücum edəcəyi, yaxud aktiv Rusiya-Polşa müharibəsi gözlənilən deyil. Bunun bir neçə səbəbi var. Birincisi, Polşanın Rusiya ilə sərhədi cəmi 206 km-dir. Bu, Kalininqrad bölgəsini əhatə edir. Əsas kritik nöqtə Belarusdur. Belarusun isə hər hansı müharibənin mərkəzinə çevrilmək istəyi inandırıcı deyil.
İkincisi, Polşa Ukrayna deyil. Eyni zamanda Avropa ölkəsidir. Hərbi-sənaye kompleksi inkişaf edir. Xüsusən Ukrayna müharibəsindən sonra bu sahəyə ciddi investisiyalar yatırılır. Üçüncüsü isə bu, birbaşa NATO-ya müharibə elan etmək olar. Lakin Polşaya qarşı Rusiyanın təhdidləri hər zaman olacaq”, – deyə politoloq bildirib.
Həmçinin o, qeyd edib ki, Polşa məhz bu kimi təhdidlərdən sığortalanmaq üçün sərhədə hərbi texnika yerləşdirir.
“Zirehli texniklar, o cümlədən pilotsuz uçuş aparatlarının sərhədə yerləşdirilməsi və şəxsi heyətin sayının artırılması müdafiə xarakterlidir.
Polşa hökuməti bu addımla həm də əhalidə yaranmış xofu aradan qaldırır. 2 ildən çox bütün Qərbin dəstəyinə baxmayaraq, istər hərbi, istərsə də siyasi-iqtisadi cəhətdən çökməməsi göstərir ki, Rusiya təhlükəsi Şərqi Avropa üçün bitməyib. Bu isə əhalidə xof yaratmaqla, Rusiyaya meyli gücləndirir. Sərhəddə yığılan hərbi texnikanın səbəblərindən biri də hökumətin hərbi gücünün xalqa nümayiş etdirilməsi və təhlükəsizliyinin təmin olunduğunu göstərməkdir”.
Nəsimi Ələsgərli
www.yenicag.az