“Tramp dövründə ABŞ-nin Türkiyə siyasəti ilə bağlı mövqelərində passivə doğru gözləntiləri gözləmək olar”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O, ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampın Türkiyə bağlı ola biləcək siyasətini şərh edib.
Analitikin sözlərinə görə, D. Trampın prezidentliyi dövründə yeni dəyişikliklər baş verəcək.
“ABŞ-də Trampın hakimiyyəti NATO üzvi olan ölkələrə qarşı ABŞ-nin siyasətinin daha diqqətli qurulmağı ilə xarakterizə olunub. Təbii ki, Donald Tramp əvvəlki prezidentliyi dövründə yürütdüyü bu xarici siyasət kursunu bundan sonra da davam etdirəcək .Bu da ABŞ-Türkiyə münasibətlərində Cozef Baydenin dövründə yaranmış müəyyən anlaşılmasızlıqları aradan qaldırmağa kömək edə bilər”.
T. İsmayılovun fikrincə ABŞ və Türkiyə arasında hansısa siyasi dəyişikliklərin baş verməsi çətin məsələdir:
“Bu dəyişikliklərin baş verməsi üçün ABŞ özünün tarixi ekspansionist siyasətindən əl çəkməlidir. Lakin ABŞ-də oturuşmuş bir siyasi sistem mövcuddur və burada müəyyən proseslərə nail olsalar da, həll edici addımlar ata bilmirlər. Məsələn, bu gün Türkiyə əleyhinə dövlət çevrilişi edən FETÖ, habelə Türkiyədə haqqında cinayət işi açılan PKK-çıların hələ də ABŞ ərazisində gəzişməsi, orada məskunlaşması qəbuledilən bir hal deyil”.
“ABŞ Türkiyəyə NATO-dakı sadiq müttəfiqi kimi yanaşırsa, mütləq şəkildə həmin terrorçuları ərazisindən çıxarmalı və Türkiyəyə təhvil verməlidir. Amma bunların baş verəcəyini düşünmürəm, lakin istənilən halda ABŞ-nin Türkiyə ilə bağlı mövqelərində müəyyən yumşalmalar ola bilər ki, bu da Tramp dövründə ABŞ -Türkiyə münasibətlərinin yaxşılaşmasına səbəb olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltanov
www.yenicag.az