Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Yenicag.az xəbər verir ki, tura “Neftçi” – “Sabah” oyunu ilə yekun vurulub.
“Bakcell Arena”da keçirilən görüş maraqlı və gərgin mübarizə şəraitində keçib.
Qonaq komanda ilk hissədə iki dəfə qol sevinci yaşayıb. 37-ci dəqiqədə Con Mikels, ilk hissəyə əlavə olunmuş dəqiqələrdə isə Apeh fərqlənib.
İkinci hissədə də ilk qolu “Sabah” vurub. Aleksey İsayev 52-ci dəqiqədə fərqi artırıb.
71-ci dəqiqədə Ömər Buludov hesab arasındakı fərqi azaldıb.
Bir dəqiqə sonra İsmayıl Zülfüqarlı qırmızı vərəqə alaraq “Neftçi”ni azlıqda qoyub.
82-ci dəqiqədə Emin Mahmudov penalti zərbəsi ilə fərqi minimuma endirsə də, “Neftçi”nin bundan artığına gücü çatmayıb.
Oyun “Sabah”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə xallarının sayını 28-ə yüksəldən “Sabah” ikinci, 22 xalda qalan “Neftçi” isə üçüncü pillədə qalıb.
Qeyd edək ki, qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Turan Tovuz”u 3, “Zirə” “Sumqayıt”ı 2 cavabsız qolla üstələyib. “Qəbələ” – “Kəpəz” (1:1) və “Səbail” – “Şamaxı” (0:0) matçlarında isə qalib müəyyənləşməyib.
www.yenicag.az