Reklam: High Technic
hightechnic

Prezident “Azərsu”ya 5,83 milyon manat ayırdı

Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində, Pirallahı rayonunun Pirallahı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Yenicag.az saytının məlumatına görə, sərəncamda bildirilir ki, ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyası sayəsində regionlarda, paytaxt və qəsəbələrdə mühüm infrastruktur layihələri reallaşdırılıb, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşıb, abadlıq işləri geniş vüsət alıb.

Bu tədbirlərin davamı olaraq, Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsində diametri 110 mm, uzunluğu 13,0 km, Türkan qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 8,1 km olan paylayıcı su şəbəkəsinin, habelə Pirallahı rayonunun Pirallahı qəsəbəsində diametrləri 530-800 mm, uzunluğu 6,8 km olan magistral su kəmərinin və diametrləri 110-280 mm, uzunluğu 10,1 km olan paylayıcı su şəbəkəsinin tikilməsi zərurəti yaranıb.

Sərəncamla “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,83 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

www.yenicag.az

1081