Prezident fərman verdi: ETSN-də ciddi islahatlar olacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Yenicag.az xəbər verir ki, fərmanın imzalanmasında məqsəd Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirməkdir.

Fərmanda Ətraf mühitin mühafizəsi departamentinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Meşələrin inkişafı departamentinin, Elmi Tədqiqat Meşəçilik İnstitutunun əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, həmçinin Ətraf mühit üzrə milli monitorinq departamentinin, Milli hidrometeorologiya departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Metrologiya və Standartlaşdırma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin yaradılması qeyd olunub.

Bununla yanaşı, Fərmana əsasən, Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamenti, Su hövzələrinin bioloji resurslarının artırılması və mühafizəsi departamenti, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidməti və Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti yaradılır.

Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi ləğv edilir, onun funksiyaları Nazirliyin Aparatı vasitəsilə həyata keçirilir. Agentliyin tabeliyindəki Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartoqrafiya Fabriki isə nazirliyin tabeliyinə verilir. Həmçinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ləğv edilir, onun işçilərinin say həddi daxilində nazirliyin yerli orqanlarının işçilərinin say həddi artırılır, Dövlət Ekspertiza İdarəsinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradılır.

Fərmanda Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər və Ədliyyə nazirliklərinə müvafiq tapşırıqlar verilib.

COP29