Prezident istintaqa cəlb olunub
Kataloniya prezidenti Artur Mas əyalətin müstəqilliyi ilə bağlı qeyri-rəsmi səsvermə keçirilməsinə görə rəsmi istintaqa cəlb olunub.
Kataloniya Ali Məhkəməsi bildirib ki, Artur Mas səsvermə ilə bağlı konstitusiyanın tələblərinə məhəl qoymadığına görə mühakimə olunacaq.
İspaniya hökumətinin ciddi etirazlarına baxmayaraq, noyabrın 9-da hüquqi cəhətdən məcburi olmayan səsvermə keçirilib. Katalon rəsmiləri seçicilərin 80%-nin regionun müstəqilliyini dəstəklədiyini bildiriblər. A.Mas, onun müavini Joana Orteqa, Kataloniyanın təhsil naziri İrene Riqau itaətsizlikdə və ədalət pozuntusuna yol verərək dövlət fondlarından sui-istifadədə təqsirləndirilirlər.
Kataloniya İspaniyanın müstəqillyi ilə seçilən, ən zəngin və sənaye cəhətdən inkişaf etmiş əyalətidir. Orta əsrlərdən bu yana katalonlar özlərini ispanlardan fərqli millət olduqlarını hesab edirlər.
Bu ilin əvvəlində İspaniya hökuməti muxtar şimal-şərq əyalətinin referendum planlarına görə, məhkəməyə müraciət etdi. İspaniya Konstitusiya Məhkəməsi səsverməni təxirə saldı və təbliğat kampaniyalarına qadağa qoydu. Əvəzində isə katalon hökuməti qeyri-rəsmi və hüquqi cəhətdən məcburi olmayan seçkilər keçirdi. Seçkinin keçirilməsi minlərlə könüllünün öhdəsinə buraxıldı.
Noyabr seçkilərində 5,4 milyon seçicidən təxminən 2,3 milyon nəfəri iştirak etmişdi. Mas demişdi ki, seçkilər regionun “referendum hüququ” qazandığını bir daha sübut etdi. Buna baxmayaraq, ispan hökuməti bu hüququn “mənasız saxtakarlıq” olduğunu bildirib.
Baş nazir Mariano Rajoyun sözlərinə görə, seçicilərin əksəriyyəti səsvermədə iştirak etməyib.
(anspress.com)