Prezidentin oğluna icra başçısı və deputatdan şikayət
Gəncə şəhərində yaşayan II qrup əlil Fariz Qocayev Hafiz oğlu Azərbaycan Prezidentinin oğlu Heydər İlham oğlu Əliyevə müraciət imzalayıb. Müraciətdən aydın olur ki, bu əlil gəncin Heydər İlham oğluna sayca ikinci müraciətidir. Yerli dövlət qurumları və millət vəkili Əhməd Vəliyevin sahibi olduğu “Muğan Bank”a qarşı ağır ittihamlar yer almaqdadır. Yenicag.az Azerinfo.org saytına istinadən müraciəti dərc edir:
“Azərbaycan Prezidentinin oğlu
Heydər İlham oğlu Əliyevə
Gəncə şəhəri, 3-cü mikrorayon,
ev 12 B, mənzil 26-da kirayə yaşayan
Qocayev Fariz Hafiz oğlu
tərəfindən
MÜRACİƏT
Hörmətli Heydər İlham oğlu!
Mən ötən il Sizə müraciət edərək, özümün və ailəmin üzləşdiyi problemlərlə bağlı məlumat vermişdim. Qeyd etmişdim ki, atam Hafiz Məmmədəli oğlu Qocayev Gəncə şəhərində və Gəncə-Çonabdallı magistral yolunun sağ və sol tərəflərində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün “Muğan Bank” ASC-dən kredit götürmüş və bank fırıldaqları ilə müfləşdirilmişdir. Bu səbəbdən də mənim xəstəliyimin müalicəsi yarımçıq qalmış, ailəlikcə bütün varidatımızı itirmişik. Həmin müraciətdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı, cənab Elmar Vəliyev atam Hafiz Qocayevi qəbul edərək, vəziyyətimizlə maraqlandı. Bizə yaşayış evinin tikilməsi üçün icra hakimiyyətinin fondundan torpaq sahəsi ayrıldı. Bank rəhbərliyi də bizə bu barədə yardımçı olacağına dair vəd verdi. Eyni zamanda Gəncə şəhər icra hakimiyyəti mənim səhhətimlə bağlı məsələni də diqqətdə saxlayacaqlarını və atamın işlə təmin olunacağını bildirdilər. Bütün bunları həll edəcəklərinə dair söz verərək, məndən Sizə ünvanlanması üçün təcili təşəkkür məktubu aldılar.
Hörmətli Heydər İlham oğlu!
Çox təəssüf ki, qısa müddət sonra biz yenidən öz problemlərimizlə baş-başa buraxıldıq. Sizə müraciətim əsasında Azərbaycan Prezident Adminstrasiyasından Səhiyyə Nazirliyinə səhhətimlə bağlı göndərilən müraciət Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən baxılmamış qaldı. Atam bu gün də borc içindədir və kirayədə qaldığımız evdən çıxarılmaq təhlükəsi ilə üz-üzəyik. “Muğan Bank” atamı növbəti dəfə aldatmış və hazırda fevral ayının 2-ə qədər bizdən mənimsənilən və icarə müqaviləsi ilə atama işlətməyə verilən mağazanı boşaltmağımızı tələb edirlər. Atam bankın sahibi, millət vəkili Əhməd Vəliyevlə 19 dekabr 2014-cü ildə bir daha görüşüb və o, atama yardım edəcəyini bildirsə də, heç bir köməklik göstərməyib.
Hörmətli Heydər İlham oğlu!
Mənim Sizə-Heydər İlhamoğluna müraciətimdən sonra yalan vədlərlə məsələmin həll olunacağına dair inandıraraq, atama mənim yerimə təşəkkür məktubuna imza atdırdıqdan sonra nəinki yardım edildi, hətta atamın borcumuzu ödəməsi üçün xaricə gedib işləməsinə belə qadağa qoyuldu.
Bu gün atam bankın mülkiyyətində olan mağazanı işlətsə də, hamıya, bank rəhbərliyinə də bəllidir ki, o mağaza nəinki onların borclarını verəcək gücdə deyil, heç bizim aylıq kirayə borcumuzu belə ödəyə bilmir. Atam uzun illərin təcrübəli mühafizə rəisi olmasına baxmayaraq, Gəncədə iş tapa bilmir. Bank kreditləri ilə yanaşı işləri yoluna qoymaq üçün fiziki şəxslərdən alınan borclar altında da əzilməkdədir. Bu gün mən xəstəliyimlə mübarizə aparım, yoxsa hər gün qapımızı döyüb ailəmi təhdid edərək, borcunu istəyənləri dinləyim dilemması qarşısında qalmışam.
Nə mənim, nə ailəmin dövlət qurumlarına yardım müraciətlərimizə baxılmır. Bank isə növbəti dəfə bizi küçəyə atmaqla hədələyir.
Hörmətli Heydər İlham oğlu!
Sizin mənim məktubuma laqeyd qalmayacağınzı bilirəm. Xahiş edirəm ki, yaşıdlarından fərqli olaraq, ömrünü xəstə yatağında keçirən gəncə, yəni mənə yardımçı olun. Mənimlə yanaşı qardaşlarımdan biri, Elvin Türkiyədə təhsilini bu səbəbdən bitirə bilmir. Kiçik qardaşım Məhəmmədin 9 yaşı var və bu yaşında onun bu zülmü yaşamasına imkan verməməyinizi rica edirəm. Bizim evimizin tək gəlir gətirən atamızdır. Ailəmi məhv edən bank fırıldaqlarının həllində, işsiz atamın bizim qarşımızda hər keçən gün əriməsinə izn verməyin.
Allah Sizə yar olsun!
Dərin hörmət və ehtiramla,
Qocayev Fariz Hafiz oğlu
+99450 232 09 02
29.01.2014″
Yazıda adı çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.
Azerinfo.org