Putin niyə 289 gün gözlədi? - Kremlın yaydığı üzr videosunun PƏRDƏARXASI
Düşənbədəki görüş zamanı Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə AZAL təyyarəsinin Rusiya səmasında vurulması ilə bağlı verdiyi məlumat diqqət mərkəzinə gəldi. Hadisənin üzərindən 288 gün keçdikdən sonra, Putin baş vermiş faciə ilə əlaqədar üzr istədi və hadisənin istintaqının davam etdiyini açıqladı. Bu, uzun müddət sonra edilən bir hərəkət idi və Kremlin münasibətləri normallaşdırmaq istəyini göstərən əhəmiyyətli bir addım olaraq qiymətləndirildi.
“Bu, onu göstərir ki, Rusiya Prezidenti Azərbaycanla münasibətlərin pozulmasının tərəfdarı deyil”.
Bunu Yenicag.az-a açıqlamasında Düşənbədəki görüş zamanı Rusiya Prezidenti Valdimir Putinin Azərbaycan lideri İlham Əliyevə AZAL təyyarəsinin Rusiya səmasında vurulması ilə bağlı istintaqın gedişatına dair verdiyi məlumat barədə danışan Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.
O, bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşü çox maraqlı məqamlarla yadda qaldı:
“İki ölkə arasındakı münasibətlərin soyuması məsələsi diqqət mərkəzində idi. Bu soyuma prosesində bir çox dairələrin, təbliğatçıların, televiziya kanallarının və informasiya agentliklərinin rolu oldu.
Biz dəfələrlə deyirdik ki, dövlətlərarası münasibətlər emosiyanı sevmir, əsas olan dövlət maraqları və dövlət düşüncəsidir. Paralel olaraq baş nazirlərin müavinləri və xarici işlər nazirləri səviyyəsində təmaslar davam edirdi. Lakin bütün diqqət ölkə prezidentlərinin fikirlərinə və danışıqlarına yönəlmişdi. Bu mühüm görüş isə Düşənbədə baş tutdu”.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycanın milli maraqları hər şeydən öndə gəlir:
“Görüş zamanı təyyarə qəzası ilə bağlı ilkin müzakirələrə başlanması qeyd olundu. Putin məsələyə münasibət bildirdi. O, həmin gün Ukraynaya məxsus üç pilotsuz uçuş aparatının Rusiya səmasında göründüyünü, onlara atılan iki mərminin qəlpələrinin təyyarəyə dəydiyini qeyd etdi. Eyni zamanda bir daha üzr istəyərək vurğuladı ki, məsələ obyektiv şəkildə araşdırılacaq, araşdırma nəticəsində həm kompensasiyanın ödənilməsi, həm də məsuliyyət daşıyan şəxslərin cəzalandırılması təmin ediləcək.
Bu, onu göstərir ki, Rusiya Prezidenti Azərbaycanla münasibətlərin pozulmasının tərəfdarı deyil. Gözlənilən hal idi. Çünki Azərbaycan bu gün dünya üçün, o cümlədən Rusiya üçün, əvəzolunmaz tərəfdaşdır”.
Vüqar İsgəndərov qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə ölkəmizin siyasətinin əsasında milli maraqlar və dövlətçilik prinsiplərinin dayanmasını bəyan edib və əməli addımlarla sübut edib:
“Azərbaycan Rusiya da daxil olmaqla bütün dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq siyasəti yürüdür. Bir sözlə, bu görüşü iki ölkə arasındakı əlaqələr baxımından müsbət qiymətləndirmək lazımdır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli