Putinin "dayandırıla bilməyən" raketi Polşa sərhədini vurdu - VİDEO
Rusiya “fındıq ağacı” mənasına gələn yeni hipersəs raketi “Oreşnik”i Ukraynaya fırlatıb. Avropa İttifaqı (Aİ) sərhədinə yaxın hədəfi vuran raketlə bağlı Moskva “qisas” bəyanatı verib. Səsdən 10 dəfə sürətli olduğu bildirilən raketin istifadəsi bölgədə gərginliyi pik həddə çatdırıb.
Yenicag.az xəbər verir ki, Rusiya ordusu Ukraynaya qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumunda yeni hipersəs raketi “Oreşnik”dən yenidən istifadə etdiyini duyurub. Ukrayna tərəfi də hücumun ölkənin qərbində, Aİ sərhədinə yaxın ərazini hədəf aldığını təsdiqləyib.
Moskva orta mənzilli ballistik raketin fırlatılmasını ötən ayın sonlarında Vladimir Putinin iqamətgahına qarşı Ukraynanın etdiyi iddia olunan dron hücumu cəhdinə “cavab” kimi təqdim edib. Lakin həm Kiyev, həm də Vaşinqton bu iddianı qəti şəkildə təkzib edərək, onu həqiqətdən uzaq adlandırıblar.
Ukrayna Xarici İşlər Nazirliyi “Oreşnik” raketinin Aİ və NATO sərhədinə bu qədər yaxın məsafədə istifadə edilməsinin Avropa təhlükəsizliyi üçün “ciddi təhdid” olduğunu vurğulayıb və beynəlxalq tərəfdaşları Moskvaya təzyiqi artırmağa çağırıb. Kiyev həmçinin Rusiyanın bu hücumu qanuniləşdirmək cəhdlərini “mənasız” adlandıraraq rədd edib.
Qərbi Ukraynanın Lvov vilayətinin qubernatoru Rusiyanın zərbələri nəticəsində kritik infrastruktur obyektinə ziyan dəydiyini bildirib. Sosial şəbəkələrdə yayılan və hələlik rəsmi təsdiqini tapmayan məlumatlara görə, vurulan obyekt iri yeraltı qaz anbarı ola bilər.
İlk dəfə 2024-cü ilin noyabrında istifadə edilən “Oreşnik”in bu son hücumda da partlayıcı əvəzinə inert (təsirsiz) döyüş başlıqları daşıdığı ehtimal edilir. Bu isə raketin fırlatılmasının hərbi əhəmiyyətdən çox, Qərbə yönəlmiş simvolik bir mesaj xarakteri daşıdığını göstərir.
Rusiya lideri Putin son aylarda “Oreşnik” raketini Ukrayna və Qərbə qarşı tez-tez bir təhdid vasitəsi kimi istifadə edir. O, xüsusilə Kiyevə uzaqmənzilli silahlar verən ölkələri hədəf ala biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Putin iddia edir ki, bu raket səsin sürətini 10 dəfədən çox aşdığı üçün onu zərərsizləşdirmək qeyri-mümkündür və adi döyüş başlığı daşısa belə, onun dağıdıcı gücü nüvə silahı ilə rəqabət aparacaq səviyyədədir. Bəzi Qərbli analitiklər bu iddialara şübhə ilə yanaşsalar da, Ukraynanın hazırda bu raketi dayandıra biləcək hər hansı hava hücumundan müdafiə sisteminə sahib olmadığı qeyd edilir.
Məsimə Məmmədova












