"Gənclər evlənməzdən əvvəl bir-birini tanımalıdır" deyən Xalq artistinə Şölədən REAKSİYA
Xalq artisti Xalidə Quliyevanın «Gənclərimiz iki-üç il birlikdə yaşasınlar, bilsinlər, bir-birinə layiqdirlər, ondan sonra ailə qursunlar” fikri cəmiyyətdə birmənalı qarşılanmayıb. Aktrisanı dəstəkləyənlər də olub, bu fikrinə qarşı çıxanlar da…
Yenicag.az-a açıqlama verən tanınmış müğənni, Əməkdar artist Şölə Səfərəliyeva aktrisaya haqq qazandırıb:
“Əslində, Xalidə xanımın fikirlərində haradasa düzgünlük var. Çünki ümumiyyətlə, biz mental dəyərləri düşünüb, cəmiyyət olaraq, bir az tələsirik bu ailə münasibətlərinə. Amma hər halda düşünmürəm ki, orda Xalidə xanım deyir ki, gənclər iki il, üç il bir evdə yaşamalıdırlar. O mənada yox. Yəni ki, görüşməlidirlər, özü demişkən, teatra, kinoya getməlidirlər, bir-birilərini daha yaxından tanımalıdırlar. Harasa bir rayonlara səfərlər olur, turlar olur, səhər çıxırsan, axşam qayıdırsan, yəni şərt deyil ki, sən orada həftələrlə, aylarla haradasa qalasan. Yəni yol-yoldaşı olmalısan, bir-birinizi tanımalısınız və ondan sonra dəqiq başa düşməlisiniz ki, siz uyğun gəlirsiniz bir-birinizə, yoxsa yox.
Sadəcə, bizim mental düşüncələrimizə elə bir şey yoxdur və mən özüm də bu mental dəyərlərdən gənclik yaşlarımda keçmişəm deyə, çox gözəl başa düşürəm onu. Yadıma gəlir ki, mən 17-18 yaşımda olanda hələ birinci kursda oxuyurdum. Olurdu ki, gənclər bəyənirdilər, xoşlarına gəlirdim, görüşə dəvət etmək istəyirdilər məni, amma mən onda deyirdim ki, sən bizə nişan gətirirsən, mən onda sənlə görüşə çıxaram. Yəni təsəvvür eləyin ki, o qədər mental dəyərlər, düşüncələr bizim ailədə güclü idi ki, mən belə bir söz işlədirdim həmin gənclərə və təbii ki, nəticədə biz görüşə getmirdik».
“Yəni sən tanımadan, bilmədən səni necə qapına nişan göndərərlər və yaxud da sənlə nəsə münasibət qurmağı düşünərlər?», deyən müğənni gənclərin bir-birini tanımağın vacib olduğunu deyib:
Təbii ki, münasibəti qurmaq üçün ilk olaraq sən görüşməlisən, bir-birinizi tanımalısınız. Bizdə elədir ki, ancaq gözəl özünü təqdim eləyirsən görüşlər zamanı. Amma bunun axı digər tərəfləri də var. Sizin xoşunuza gələn, gəlməyən cəhətləriniz var, hansı ki, məlum deyil sizə bu cəhətlər və həmin o cəhətləri siz ancaq ailədən sonra, bəzən olur ki, nişanlı dövründən sonra aşkarlayırsınız və siz başa düşürsünüz ki, sizə uyğun deyil.
O cəhətdən mən Xalidə xanımla razıyam ki, bəli, gənclər bir-birilərini tanımalıdır mütləq şəkildə. Çünki kor-koranə qurulan ailələr var ki, bir həftədən sonra, bir aydan sonra ayrılırlar və deyirlər ki, xasiyyətlərimiz uyğun gəlmədi. Nəyə görə? Çünki onlar görüşəndə ancaq kafe, restoranda oturdular, bir-iki dəfə kinoya getdilər, ancaq öz gözəl tərəflərini göstərdilər, müsbət tərəflərini göstərdilər, digər xasiyyətlərini bilmədilər. Boşanmaların qarşısını almaq üçün düşünürəm ki, həmin o müddət uzun olmalıdır. Çünki ailə çox, çox, çox məsuliyyətli bir addımdır.
“Hə ailə quraq, ondan sonra biz görüşəcəyik, bir-birimizi tanıyacağıq” – belə fikirlər artıq bugünkü cəmiyyət üçün uyğun gəlmir. Bəlkə illər əvvəl analarımıza, nənələrimizə uyğun ola bilərd, amma bu gün inkişaf etmiş dünyada bu fikirlər bir az uyğun gəlmir. İndi bəlkə kimsə mənlə də razılaşmayacaq ki, mən düzgün danışmıram, amma mən yenə də bizim ötən mental dəyərlərimizə qiymət verdiyim üçün istəmərəm ki, yeni yetişən gənc nəsil belə mental adı altında belə məqamlarla üzləşsinlər. Çünki dünya inkişaf eləyir, biz inkişaf eləyirik, yəni olduğumuz yerdə qalmırıq və ona görə də hər şey dəyişir, baxışlar dəyişir”.
Qeyd edək ki, xalq artisti bu fikri “Qafqazinfo”ya müsahibəsi zamanı deyib.
Cəvahir













