Putinin iqamətgahına hücum iddiası: Ukraynanı razılaşmaya məcbur etmək üçün YENİ TAKTİKA?
“Bu taktikanın Tramp tərəfindən də səssiz şəkildə dəstəklənməsi ehtimalı istisna olunmur”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

O, Ukraynanın Rusiyanın Valday bölgəsində yerləşən və Rusiya Prezidenti Vladimir Putinə aid olduğu iddia edilən iqamətgaha pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirdiyi barədə yayılan xəbərləri şərh edib. Politoloq bildirib ki, belə informasiyaların yayılması təsadüfi görünmür:
“Bu iddia Moskvanın hazırda gündəmdə olan sülh təşəbbüsünə münasibətini dəyişmək üçün istifadə etdiyi siyasi manevr kimi dəyərləndirilir. Rusiya hakimiyyəti də bu yanaşmanı açıq şəkildə inkar etmir.
Hazırda Vaşinqton və Kiyev arasında müzakirə edildiyi bildirilən, təxminən 90 faizi razılaşdırılmış sülh planı Moskvanın fundamental maraqlarını özündə əks etdirmir. Ən həssas məqam – ərazi məsələsi – hələ də açıq qalır. Bununla yanaşı, sənəddə Rusiyanın əsas tələblərinə yer verilmədiyi görünür.
Belə ki, plan NATO-nun şərqə doğru genişlənməsinin qarşısının alınması ilə bağlı heç bir öhdəlik nəzərdə tutmur. Eyni zamanda, Ukraynanın neytral statusu yaxud Avropa və NATO hərbi kontingentlərinin bu ölkə ərazisində yerləşdirilməməsi kimi məsələlər də sənəddə əksini tapmayıb. Donbas bölgəsi ilə bağlı isə Moskvanın gözləntilərinin əksinə olaraq, bütün ərazilərin Rusiyaya verilməsi deyil, bəzi sahələrdən Rusiya qüvvələrinin çıxarılması variantı önə çəkilir.
Bununla belə, Rusiya ABŞ-nin irəli sürdüyü ‘azad iqtisadi zona’ ideyasına prinsip etibarilə açıq ola bilər. ‘Kommersant’ nəşrinin məlumatına görə, Putin iş adamları ilə keçirilən qapalı görüşdə bu mövzunun müzakirə oluna biləcəyinə işarə edib. Kremlin sözçüsü Dmitri Peskov bu xəbəri tam təsdiqləməsə də, açıq şəkildə təkzib də etməyib. Ancaq belə bir razılaşmanın mümkünlüyü yalnız Moskvanın əsas təhlükəsizlik tələbləri – o cümlədən NATO ilə bağlı şərtlər – sənəddə yer alacağı halda real görünür. Hazırkı variantda isə bu müddəalar yoxdur.
Digər tərəfdən, Rusiyanın sülh planından açıq şəkildə imtina etməsi beynəlxalq aləmdə ‘müharibəyə meyilli tərəf’ kimi təqdim olunmasına və Kiyevin mövqelərinin güclənməsinə yol aça bilər. Məhz bu səbəbdən ‘Putinin iqamətgahına hücum’ iddiasının gündəmə gətirilməsi Moskvanın mövqeyindəki mümkün dəyişikliyi əsaslandırmaq üçün alətə çevrilir.
Diqqətçəkən məqam ondan ibarətdir ki, bu iddia ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında Floridada baş tutan danışıqlardan dərhal sonra ortaya atılıb. Görüşdən öncə Trampın Putinlə bir saatdan artıq telefon danışığı apardığı məlumdur. Həmin mərhələdə həm Vaşinqton, həm də Moskva Kiyevin ərazi məsələsində daha çevik mövqe tutacağına ümid edirdi. Lakin Zelenskinin geri addım atmaması Kreml üçün yeni arqumentlər axtarmağı zəruri edib və ‘iqamətgaha hücum’ mövzusu bu kontekstdə yenidən ön plana çıxarılıb. Bu taktikanın Tramp tərəfindən də səssiz şəkildə dəstəklənməsi ehtimalı istisna olunmur.
Ümumi mənzərəyə baxdıqda, əsas hədəfin Ukrayna rəhbərliyini, xüsusilə də Zelenskini ciddi təzyiq altında saxlayaraq razılaşmaya məcbur etmək olduğu anlaşılır. Moskvanın bundan sonrakı addımlarının da eyni xətt üzrə atılacağı gözlənilir. Hətta Rusiyanın Kiyevdəki hökumət obyektlərinə, o cümlədən Zelenskinin iqamətgahına qarşı hücumları yenidən gündəmə gətirməsi ehtimalı da nəzərdən keçirilir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












