“Qadını özbaşına buraxmaq olmaz” fikrinə görə ARB TV-yə xəbərdarlıq edildi
Azərbaycan Audiovizual Şurasının bugünkü iclasında ARB kanalına xəbərdarlıq edilib.
Yenicag.az xəbər verir ki, bu barədə şura məlumat yayıb.
Qeyd olunub ki, onlayn iclasda ARB televiziya kanalının mayın 21-i efirində yayımlanan “Elgizlə izlə” proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub.
Həmin proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı aparıcı və qonaq tərəfindən “Qadını özbaşına buraxmaq olmaz. Bunu qadınlar özləri də etiraf edirlər ki, qadını ki, özbaşına buraxdın, evin yıxıldı. Qurtardı e…”, “Ümumiyyətlə deyirlər ki, qadını tanımaq üçün ona pul vermək lazımdır və bir də azadlıq vermək lazımdır. Onda siz qadını çox yaxşı tanıyacaqsınız…”, “Azadlıq da ver, pul da ver. O qadının sonra əl-ayağını yığışdırmaq olar? Pulu da verəsən, azadlığı da verəsən…” fikirləri səsləndirilib.
Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər “Media haqqında” qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alınmış, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.
Şura üzvləri məsələni diqqətlə müzakirə etmiş və yekdilliklə bu dialoqun cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəlib.
Sonda Audiovizual Şuranın üzvləri ARB kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəliblər, bütün yayımçılardan belə müzakirələr zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.