Qafqazda sülhə vasitəçilik edən Tramp Putinin DAMARINA BASDI: "New York Times"dan QALMAQALLI TƏHLİL
Vladimir Putinin 2022-ci ildə Ukraynaya müdaxiləsi bir çox məna daşıyırdı: həyasızcasına torpaq qəsbi, təcrid olunmuş mühitdə doğulan xülyalar, çarizm təqlidi. Lakin bu həm də hörmət tələbi idi. Qərbin onilliklər boyu davam edən – onun fikrincə – mühasirəsindən sonra cənab Putin Rusiyanın sıxışdırılmasının əsas icraçısına – ABŞ-yə cavab zərbəsi endirməyə çalışdı. O, yəqin ki, bir ildırımsürətli müharibənin Amerikanı öz yerinə oturdacağına və Rusiyaya Avropanın taleyini müəyyənləşdirmək gücü verəcəyinə inanırdı. Putin danışanda ABŞ qulaq asmalı olacaqdı.
Yenicag.az xəbər verir ki, bu, “The New York Times” nəşrinin təhlil məqaləsində qeyd olunub.
Bildirilib ki, Donald Trampın Ağ Evə qayıdışı ilə Putinin bu qumarı, nəhayət, bəhrə verməyə yaxın görünürdü. Tramp Ukrayna müharibəsindən canını qurtarmağa həvəsli görünür və onu “24 saat ərzində” bitirə biləcəyini iddia edirdi. O, Ukraynanı tamamilə tərk etməsə belə, Rusiya qüvvələri döyüş meydanında irəlilədiyi müddətdə onun başınıı qatmaq mümkün idi. Zamanla Rusiya və ABŞ münasibətləri bərpa edəcək və Arktikadan Yaxın Şərqə, silahlara nəzarətdən ticarətə qədər hər sahədə əməkdaşlıq edəcəkdilər. Amerikanın Rusiyaya münasibəti, nəhayət, “sağlam düşüncə” qazanacaqdı.
“Bir il sonra bu ümidlər darmadağın oldu”, – deyə bildirən müəllif fikirlərini belə davam etdirib:
“Müharibə davam etdikcə Trampın Putinə olan heyranlığı Rusiyanın xeyrinə real bir nəticəyə çevrilmədi. İkitərəfli münasibətləri normallaşdırmaq cəhdləri heç bir nəticə vermədi: birbaşa uçuşların bərpası və ya Moskvaya yeni ABŞ səfirinin göndərilməsi istiqamətində irəliləyiş yoxdur. Liderlərin ötən yay Alyaskada keçirilən birdəfəlik sammitindəki qırmızı xalçalı təntənə də, ətrafındakıların bir-birinin kürəyinə vuran “dostyana” münasibəti də müvafiq diplomatik əlaqələri əvəz edə bilməz. Söz-söhbəti bir kənara qoysaq, Trampın Ağ Evi Rusiya üçün yaxşı olmayıb”.
Qeyd olunub ki, Tramp Putinin geosiyasi ambisiyalarına məhəl qoymayıb:
“İyulda ABŞ-nin İrana endirdiyi zərbələrdən sonra Tramp Putinin vasitəçilik təklifini rədd etdi. Daha sonra Tramp Qəzzada kövrək atəşkəsi qeyd etmək üçün Misirdə keçirdiyi sammitə Rusiya liderini dəvət belə etmədi. Daha utancvericisi isə odur ki, Putin özünün Rusiya-Ərəb toplantısını təxirə salmalı oldu. Yaxın Şərqdə Rusiya ilə işləmək əvəzinə, Tramp Putini böyük ölçüdə görməzlikdən gəldi və Rusiya liderinə başqa yerlərlə məşğul olmazdan əvvəl öz müharibəsini yoluna qoymağı tövsiyə etdi”.
Bildirilib ki, ABŞ Prezidenti Rusiyanın tərəfdaşlarına, müttəfiqlərinə və nüfuz dairələrinə də az diqqət yetirib:
“Kremlin “arxa bağçası” hesab etdiyi Qafqazda Tramp nümayişkaranə şəkildə Ermənistan və Azərbaycan arasında sülh vasitəçisi rolunu oynadı və sövdələşməni möhürləmək üçün vitse-prezident Vensi göndərdi. Venesuelada Nikolas Maduronun ildırım sürətilə kənarlaşdırılması ilə o, Rusiyadan asılı olan bir tərəfə necə güclü təhdid yarada biləcəyini göstərdi. Fars körfəzində “möhtəşəm armada” topladıqdan sonra Tramp İrana yenidən zərbə endirə bilər və ya Rusiyanın digər müttəfiqi olan Kubanı hədəfə ala bilər”.
Trampın digər yollarla da Rusiya maraqlarına müdaxilə etdiyi bildirilən məqalədə vurğulanıb ki, o, Rusiya neft şirkətlərinə sanksiyalar tətbiq edib, Rusiya bayrağı altında üzən tankeri müsadirə edib və Hindistana Rusiya xam neftini almağı dayandırmaq üçün təzyiq göstərib:
“Qafqazdakı kövrək sülh Amerikanın iqtisadi müdaxiləsinin müqəddiməsi kimi görünür. Təəccüblü deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Trampın “dünya iqtisadiyyatında dominantlıq etmək” istədiyini xəbərdar edib. Kreml Amerika şirkətlərinə nəhəng müqavilələr vəd edə bilər, lakin daha geniş iqtisadi əməkdaşlıq müzakirələri, diqqətçəkən şəkildə, yalnız ikitərəfli işçi qrupuna həvalə edilib”.
Tramplın inklüzivlik əlaməti olaraq Putini də Sülh Şurasına üzvlüyə dəvət etdiyi qeyd olunan təhlildə ABŞ Prezidentinin özünü şuranın daimi sədri elan edərək bunun onun “şousu” olacağını bəyan etdiyinə diqqət çəkilib:
“Rusiya ya tabe olmalı, ya da kənarda qalmalıdır. Bərabərhüquqlu tərəfdaşlıq iddiasında olan bir ölkə üçün bu, şübhəsiz ki, tabelik deməkdir: Rusiya hələ də üzv olmayıb və şuranın cümə axşamı keçirilən ilk iclasına qatılmayıb. Trampın solipsizmi (yalnız özünü mərkəzdə görməsi – red.) və diqqət mərkəzində olmaq ehtiyacı bərabərliyə imkan vermir”.
Son olaraq bildirilib ki, Trampın yaratdığı xaos zamanla Rusiyanın xeyrinə nəticələnə bilər:
“Problem ondadır ki, Rusiya artıq beşinci ilinə qədəm qoyan Ukrayna müharibəsi ilə mühasirəyə alınmış vəziyyətdə qalır. Bütün qərarsızlıqlarına baxmayaraq, Tramp Ukraynanı Rusiyaya təslim etməyib. Əgər o, indi Rusiyanı pis bir sövdələşməyə məcbur etsəydi, şiddətli müqavimətlə üzləşərdi. Trampın Qrenlandiyanı güclə almaq təhdidindən bu yaxınlarda geri çəkilməsi göstərir ki, kifayət qədər güclü təzyiq olduqda, o öz maksimalist tələblərindən geri addım atır. O, müəyyən səviyyədə başa düşür ki, uğur təkcə onun özünün deyil, həm də kənar müşahidəçilərin gözündə olmalıdır.
Ukraynada Trampdan istədiyini ala bilməyən Putin Rusiyanın resurslarını bu fəlakətli müharibəyə daha dərindən batıraraq döyüşməyə davam edəcək. Maddi və canlı qüvvə itkiləri daha da artacaq. ABŞ isə bu arada qlobal nizamı sarsıtmağa davam edəcək”.












