!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ “tonqal”ı Rusiyanın özünü də yandıracaq” – Rusiyalı ekspert

!Reklam – Yazi

“Ermənistana və Paşinyana bu formada “xəbərdarlıq etmək” Rusiyaya qətiyyən sərfəli deyil”.

Rusiyalı politoloq, xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə ekspert Qriqori Trofimçuk Yenicag.ru-ya müsahibəsində Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əsgərlərinin iştirakı ilə Panik kəndində baş vermiş insident, Kremlin Qarabağ münaqişəsinin tərəflərinə silah ixracı və digər məsələlərə toxunub.

Bir müddət əvvəl Ermənistana səfər etmiş Qriqori Trofimçukun sözlərinə görə, hazırda Qarabağ münaqişəsinin həlli yollarına münasibət baxımından, Azərbaycan cəmiyyətinin müharibə ovqatına köklənməsi diqqəti xüsusilə cəlb edir:

“Mənə belə gəlir ki, 2016-cı ilin şiddətli aprel döyüşlərinə baxmayaraq, Ermənistan cəmiyyəti bu məsələlərə daha sakit yanaşır. Bu da aydındır, Azərbaycandan fərqli olaraq, Ermənistanın tələsməyə yeri yoxdur. O baxımdan, Azərbaycan əhalisinin bütün sosial qruplarının müharibə ovqatında köklənməsi diqqətdən yayınmır və narahatlıq doğurur. Eyni zamanda, Azərbaycanın mülki əhalisinin Qarabağ məsələsində passiv mövqe tutmasının Ermənistanda razılıq doğurması da vurğulanmalıdır. Ancaq aydın məsələdir ki, hansısa gərginlik və ya hətta müharibə olmasa, ehtiraslar öz-özünə səngiməyəcək.

Azərbaycan vətəndaşlarının əksəriyyəti hesab edir ki, müharibə başlayarsa, onlara hər hansı yük düşməyəcək – Azərbaycan Ordusu lazım olan bütün işləri həll edəcək. Ona görə də müharibənin alovlanmaq ehtimalı onlara nəinki qorxulu görünmür, hətta bunu məmnunluqla gözləyirlər.

Ermənistan cəmiyyəti ölkədə baş vermiş hakimiyyət dəyişikliyindən razı qalsa da, hələ ki hər hansı ciddi dəyişikliklərin şahidi deyil. Ancaq fikrimcə, yeni hökumətin korrupsiya ilə mübarizə və digər vədlərinə baxmayaraq, Ermənistanda sosial vəziyyətin ağırlaşması ümumi gərginliyin artması ilə nəticələnəcək. Hələ “etimad ağacı” yanmaqdadır. Rusiyaya münasibətə gəldikdə isə deyə bilərik ki, Ermənistanın yeni hökumətinə etimad tükəndikdə, Moskvanı “günahkar” çıxarmağa çalışacaqlar. Bunun əlamətləri artıq Panik kəndində baş vermiş hadisədən sonra daha açıq şəkildə görünür”.

Trofimçuk bildirib ki, Panik hadisələrini Rusiyanın Ermənistana və şəxsən Nikol Paşinyana təhdidi və ya xəbərdarlığı kimi qiymətləndirmək doğru olmazdı:

“Ermənistana və Paşinyana bu formada “xəbərdarlıq etmək” Rusiyaya qətiyyən sərfəli deyil. Çünki bu davranış onun öz əleyhinə çevrilə bilər. Qeyd edim ki, Permyakovun bir ailənin üzvlərini güllələməsi olayını yerli əhalinin yaddaşından silmək mümkün deyil. Eyni zamanda, əhalini o hadisələrin sadəcə, təlim olduğuna inandırmaq da çətindir. Panikdə baş verən insident hərbi baza komandanlığının primitiv səhlənkarlığının nəticəsidir. Çünki orduda da mülki xidmətdə olan məmur təfəkkürü hökm sürür. Sizin ifadənizlə desək, Paşinyanı “qorxutmaq” işi başqa kanallarla həyata keçirilir. Məsələn, bu çərçivədə tanınmış rusiyalı ekspertlərin Azərbaycanın işğaldan azad etdiyi ərazilərə getmələrini, orada konfrans keçirmələrini qeyd edə bilərik. Belə məsələlərdə ordunu işə salmaq təhlükəlidir. Bu halda Ermənistanın üzünü birdəfəlik Qərbə çevirməsi mümkündür. Ancaq bütün hallarda 102-ci hərbi bazanın ətrafında baş verən hadisələrin intensivləşməsi ciddi narahatlıq doğurur”.

Ekspert Rusiyanın həm Azərbaycana, həm də Ermənistana silah satışını regionda hərbi balansın qorunmasına cəhd kimi qiymətləndirsə də, bu məsələdə Kremlin sırf kommersiya maraqlarının olduğunu da inkar etməyib:

“Ancaq Rusiya silahlarından istifadə olunmaqla müharibənin alovlanması Rusiyaya lazım deyil. Çünki bu halda Qarabağ “tonqalı” Rusiyanın özünü də yandıra bilər”.

www.yenicag.az

3889
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv