“Futbolçular son zərbə anında soyuqqanlı olsalar, “Malmö”nun Bakıdan xal aparmaq şansı olmayacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Avropa Liqası çərçivəsində üz-üzə gələcək “Qarabağ” – “Malmö” matçını dəyərləndirən idman jurnalisti Natiq Muxtarlı deyib.
Onun sözlərinə görə, “Qarabağ”ın Zaqreb “Dinamo”su ilə ilk oyunda üzə çıxan ciddi problemi, təəssüf ki, həllini tapmayıb.
“Bu, oyun planında olan problem deyil. “Qarabağ” “Dinamo” ilə hər iki oyunda dominant mövqedə oldu. Saysız-hesabsız qol şansları əldə etdi, amma bu imkanlardan istifadə edə bilmədi. Problem budur. Əgər sən qol vura bilmirsənsə, onda meydandakı üstünlüyün, yaradılan qol imkanları heç bir əhəmiyyət kəsb etmir. Qələbə üçün qol vurmaq lazımdır. Bu problem “Tottenhem”lə oyunda da qabarıq şəkildə nəzərə çarpdı. 12 qol imkanı yaradasan, bunun birindən də istifadə edə bilməyəsən… “Tottenhem” isə heç nə yaratmaya-yaratmaya 3 qol vurdu. Bunun adı ustalıqdır”, – deyə o əlavə edib.
N.Muxtarlı qeyd edib ki, “Malmö” ilə oyun “Qarabağ” üçün çox vacibdir.
“Hər iki komanda ilk qarşılaşmada məğlub olub. Bu oyunda qalib gələcək komandanın pley-off şansları artacaq, məğlub komanda isə çətin duruma düşəcək.
Deməli, bu qarşılaşmada məğlubiyyətə yer yoxdur. Amma bunun üçün qol vurmaq lazımdır. Heç şübhə yoxdur ki, “Qarabağ” bu oyunda da dominantlıq edəcək, topa nəzarəti əlində saxlayacaq. Qol şansları olacaq. İndi qalır, onlardan yararlanmaq. Qurban Qurbanov da, futbolçular da bu problemi görürlər. Juninyo da mətbuat konfransında məhz bu məqama diqqət çəkdi”, – deyə o bildirib.
O, ümid etdiyini bildirib ki, bu yöndə çalışmalar olub və “Malmö” ilə qarşılaşmada komanda qara zolaqdan çıxacaq.
“Düzdür, Avropa Liqasında zəif, qiymətləndirilməyəcək komanda yoxdur. Amma “Qarabağ” rəqibindən həm oyun planında, həm də ayrı-ayrı futbolçuların fərdi keyfiyyətləri baxımından üstündür. Sadəcə, rəqib qapısı qarşısında soyuqqanlı davranmaq lazım gələcək. Futbolçular son zərbə anında soyuqqanlı olsalar, “Malmö”nun Bakıdan xal aparmaq şansı olmayacaq. İnanaq ki, qara zolaq məhz bu oyunda bitəcək. “Malmö” məğlub edilsə, futbolçularda özünə inam hissi bərpa olunacaq və əvvəlki “Qarabağ”ı görəcəyik. Ondan sonra isə xal və xallar ard-arda gələcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi
www.yenicag.az