Qəbirlər rəqabət predmetinə çevrilməyəcək
Azərbaycan qəbiristanlıqlarındakı qəbirlər dəbdəbəsi ilə “göz oxşayır” desək yanılmarıq. Çünki dünyanın heç bir ölkəsində rəhmətə gedən insan üçün bu cür təmtəraqlı “əbədi mənzil” qurmurlar. Bir sözlə, bizim qəbiristanlıqlarımızda da kimin varlı, kimin kasıb olduğu aydın görünür…
Uzun müddətdir haqqında söhbət gedən standart qəbir məsələsi isə artıq müzakirəyə çıxarılmaq ərəfəsindədir.
Qəbir daşları insanlar arasında rəqabət predmetinə çevrilib
“Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarsəi sədrinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Modern.az-a bildirib ki, hazırda standart qəbir məsələsilə bağlı təkliflər hazırlanır:
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qanunvericilikdə dəyişikliklərin edilməsilə bağlı təkliflər hazırlayıb. Təklif parlamentin müzakirəsinə çıxarılıb qəbul oluna bilər. Bizim mövqeyimiz birmənalı olaraq belədir ki, təmtəraqlı qəbir daşlarının ucaldılması dini nöqteyi-nəzərdən yolverilməzdir və günah hesab olunur. Çünki dinimiz bunu israfçılıq hesab edir. İnsanları bu israfçılıqlardan çəkindirmək üçün Qafqaz Müsəlmanları İdarəsinin də vaxtaşırı tövsiyələri olub”.
QMİ rəsmisi qeyd edib ki, hazırda qəbir daşları insanlar arasında rəqabət predmetinə çevrilib: “Dinin hökmünə əsasən qəbirlər sadə olmalıdır. İnsanların ziyarət edə bilməsi üçün kiçik bir əlamət olması kifayətdir. Amma abidələrin ucaldılması düzgün deyil və bunun mərhuma da bir xeyri yoxdur. Məsələn, ehsan dedikdə, təkcə yemək-içmək nəzərdə tutulmur. Bu həm də yaxşılıq deməkdir. İnsana fayda vermək üçün xeyir əməllərimizin, hər hansı elmi əsərin savabını mərhuma hədiyyə edə bilər. Ümumiyyətlə, faydalı bir işin savabını dünyadan köçən insana bağışlamaq olar. Amma təmtəraqlı abidələrin nə ölənin ruhuna faydası var, nə də ailəsinə israfçılıqdan başqa bir xeyri. Ona görə də insanlar arasında maarfiləndirmə işləri aparılmalı, eyni zamanda qanunvericilidə müəyyən tələblər qoyulmalıdır”.
Bu dünyada varlı olanlar o demək deyil ki, cənnətə “bilet”siz daxil olacaq…
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran da saytımıza verdiyi açıqlamada bu istiqamətdə təkliflər hazırlandığını deyib: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yalnız tövsiyə verir. Bir sıra məsələlərin həyata keçirilməsi birbaşa icra strukturlarının səlahiyyətinə daxildir. Qəbir daşlarının standart formada olması dünyanın bir çox ölkələrində mövcuddur.
Biz də bu təklifi irəli sürərkən insanlar arasındakı qeyri-bərabərliyi aradan qaldırmağı qarşıya məqsəd qoymuşuq. Qəbristanlıqlarda ayrı-ayrı imkanlı adamlara qoyulan kümbəzvari qəbir daşları, mərmərlə örtülmüş müxtəlif bəzəklər onun yanındakı çox solğun, sadə qəbirləri kölgədə qoyur. Bu da istər-istəməz ziyarətçilər arasında narahatlığa səbəb olur.
Bildiyiniz kimi, bütün sosial bəbarəsizliklər sonda sosial narazılıqlara, gərginliklərə gətirib çıxarır. Biz istəmirik ki, insanlar arasında bu qədər fərq olsun. İnsan dünyasını dəyişib o biri dünyaya gedibsə, dini hökmlərə və bilgilərə görə hər şey orada həll olunacaq. İnsanın bu dünyada hansı xeyirxah əməlləri olub, hansı kimsəsizin başına sığal çəkib gözünün yaşını dəsmalı ilə silib, arzusunu yerinə yetirib və s. bu kimi məsələlər o dünyada bəyan olunacaq. Öləndən sonra təmtəraqlı abidələr, heykəllər, kümbəzlər inşa etmək o demək deyil ki, həmin insan o dünyada cənnətin qapısından “bilet”siz daxil olacaq. Hər şey insanın əməllərilə ölçüləcək və haqq tərəfindən də layiq olduğu yer göstəriləcək. Dinin hökmü budur. Bizim məqsədimiz hətta öləndən sonra belə insanlar arasında bərabərsizliyi aradan qaldırmağa xidmət edir”.
Standart yalnız Fəxri Xiyabanda tətbiq olunur
Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-kommunal Təsərrüfatı Departamentinin nəzdindəki əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov belə bir standartın yalnız Fəxri Xiyabanda tətbiq edildiyini söyləyib:
“Hazırda adi qəbirlərdə hər hansı standartlar tətbiq edilmir. Ümumiyyətlə, bununla bağlı bizə hər hansı göstəriş də verilməyib, əsasnamə göndərilməyib. Amma Fəxri Xiyabanda dəfn edilənlər üçün standartlar var. Standarta əsasən baş daşı 2 metr hündürlüyündə, sinə daşı 65 sm-1 metr 30 sm, tumba olmalı, yer isə mərmərdən hazırlanmalıdır. Xiyabanda dəfn edilənlərin qəbri bu standartlara uyğun olmalıdır. Digər qəbristanlıqlarda isə belə bir standart olması ilə bağlı yenilik yoxdur”.